Bu üsul heyvandarlıqda seleksiya işini bir neçə dəfə tezləşdirir. Bu üsuldan istifadə edərkən, adətən bir baş yüksək məhsuldar inəkdən 100-dən çox embrion almaq mümkündür. Alınmış embrionlar isə digər daşıyıcı inəklərə köçürülərək genetik olaraq embrion alınmış inəyin balaları olur.
Embrionun köçürülməsi (transplantasiya, transfer) biotexnoloji törəmə üsuludur ki, donor inəyin balalığından alınmış bir və ya bir neçə embrionun resipiyent inəyin balalığına köçürülməsidir. Embrionun köçürülməsində başlıca məqsəd heyvanların seleksiyasının faydalılığının yüksəlməsini təmin etməkdən ibarətdir. Bu üsul bir qayda olaraq yüksək keyfiyyətli gen materiallarının çatışmazlığı, azlıq etdiyi şəraitdə cins yaratma prosesinin başlanğıc mərhələlərində arzu olunan genotipə malik heyvanların intensiv çoxaldılmasına ehtiyac olduğu yerlərdə daha qiymətli sayılır.
Klonlaşma – bir fərddən eyni genotipə məxsus çoxlu nəsil alınmasıdır.
9.3 Təsərrüfatlarda damazlıq işinin təşkili
Damazlıq işi ilə cins tərkibinin yaxşılaşdırılması üçün bir çox addımlar müəyyənləşdirilir və damazlıq işinin təşkili bir neçə mərhələli formada həyata keçirilir.