Sürü üzrə saxlanılan inəklər üzrə fərdi baytarlıq xərci hesablanması çətin olduğundan, faktiki istifadəni sürüdəki inək sayına bölməklə orta xərc hesablana bilər.
Süni mayalanma xərcləri
Sürünün cins tərkibinin yaxşılaşdırılması üçün artıq uzun müddətdir ki, bir çox təsərrüfatlar süni mayalanma metodundan istifadə edir. Həmçinin dövlət siyasətinə uyğun olaraq kiçik təsərrüfatlarda da süni mayalanmaya həvəsləndirmək üçün əlavə subsidiya təsis edilmişdir. Belə ki, süni mayalanmadan əldə edilən hər buzova 100 AzN subsidiya ayrılır. Bu xərc maddəsinə boğazlıq təsdiq edilənə qədər süni mayalanma üçün çəkilən xərclər əks etdirilir. Bura toxumun (sperma) qiyməti, mayalandırma xərci və s. daxildir.
Sürünün bərpa xərci (inəyin amortizasiyası)
Yuxarıda da vurğulandığı kimi, istifadə müddətinin sonunda inəklər təsərrüfatdan çıxdaş edilir. İstifadə müddəti inəyin cinsi, təsərrüfatın sağlamlıq vəziyyəti və bəsləmə şəraitindən asılı olaraq dəyişir. İstifadə müddətinin uzunluğundan asılı olmayaraq, sürü sayını orta hesabla sabit saxlamaq üçün təsərrüfatdan çıxma faizi qədər cavan düyələrin təsərrüfata daxil edilməsi tələb olunur.
Məsələn, sürü üzrə inəklərin istifadə müddəti 4 ildirsə, deməli, hər il sürünün 25%-i (1/4 il ) cavan düyələr vasitəsilə bərpa edilməlidir, yəni 25%-i həcmində düyə sürüyə daxil edilməlidir. Əgər cavan düyənin dəyəri 2000 AzN-dirsə, deməli, istehsal xərclərində hər il 500 AzN (2000 AzN x 25%) nəzərə alınmalıdır.
Əməkhaqqı və mexanikləşdirmə xərci
Bura südlük maldarlıq sahəsi üzrə çalışan işçilərə ödənilən əməkhaqqı daxildir. Mexanikləşdirmə xərclərinə isə tövlə daxili istifadə edilən avadanlıqlara çəkilən xərclər, həmçinin südlük maldarlıq üçün istifadə edilən k/t texnikası və aqreqatlarına (yem paylayan) çəkilən dəyişən xərclər (yanacaq, təmir, enerji sərfi və s.) daxildir.
Sabit xərclər
Sabit xərclər təsərrüfatda inək sayından asılı olmayaraq mövcud olan xərclər hesab edilir. Bura südlük maldarlıq üçün tikilən tövlə və digər əlaqədar tikililər üzrə amortizasiya, avadanlıqlar üzrə amortizasiya, təsərrüfat üzrə ümumi hesablanan xərclər və s. daxildir.