Təlim nəticəsi 3 – Süd istehsalı və emalı prosesi
3.1 Heyvanlarda süd formalaşması prosesi
Süd məməli dişi heyvanlarda formalaşan maye formasında kompleks məhluldur və əsas funksiyası balanı normal qaba yem yeyənə qədər qida maddələri və müdafiə maddələri ilə təmin etməkdir. Südün tərkibində 100000 çox fərqli molekul var ki, onların da hər birinin immunitet formalaşması və qida maddəsi təminatında öz rolu var. İnəklərdə süd verimi doğuş ilə başlayır və doğuşdan 8 həftə ərzində süd məhsuldarlığı yüksəlir və 8-ci həftədə pik həddinə çatır.
Südün formalaşması inəyin yelinində baş verir. Yelin süd vəzilərindən ibarət olmaqla 4 hissədən ibarətdir. Yelin özü aralıq divar vasitəsilə sağ və sol hissə olmaqla iki hissəyə ayrılır. Yelinin üzəri zərif kiçik tüklə və dəri ilə örtülü olur.
Süd formalaşması alveollar hüceyrələrdə baş verir. Bunun üçün tələb olunan kimyəvi komponentlər qan vasitəsilə yelinə daşınır. Süd vəzisinin normal fəaliyyəti üçün yelindən davamlı qan keçməsi vacibdir. 1 litr südün formalaşması üçün 400-500 litr qan tələb olunur.
Südün formalaşması prosesi bir neçə mərhələdən keçir:
1. Süd formalaşdıran hüceyrələrin qandan amin turşuları, yağ turşuları, qliserin və şəkəri qəbul etməsi;
2. Süd zülalı, yağı və şəkərinin sintez olunması;
3. Bu süd komponentlərinin tədricən alveolların daxilinə ötürülməsi;
4. Qandan birbaşa sorulan komponentlərin alveolların daxilinə ötürülməsi.
Südün formalaşması üçün tələb olunan kimyəvi komponentlər yemlərdən və ya inəyin orqanizmindən təmin oluna bilər. Yelində formalaşan süd tədricən alveollar, süd yolu və əmcəyi doldurur və yelində müəyyən təzyiq formalaşdırır.