Südün miqdarı laktasiyanın ilk 8 həftəsi ərzində yüksəlir və daha sonra isə tədricən azalır. İnəklərdə 2 aylıq qurutma dövrü məqsədli şəkildə doğuşa hazırlıq və növbəti laktasiyada maksimal süd əldə etməyə xidmət edir. Həmçinin laktasiya əyrisinin forma və süd həcmi heyvanın cinsi, saxlandığı region, doğuşun düşdüyü mövsüm, yemləmə, sağım sayı və digər faktorlardan asılı olaraq dəyişə bilir.
3.1.2 Süd istehsalı prosesi
Təbiətdə doğulmuş buzovun inəyi əmməyə başlaması ilə süd ifrazı (istehsalı) başlamış olur. Tövlə şəraitində avtomatik sağım zamanı isə inəklər bunun üçün stimullaşdırıcı məşq etdirilməlidir ki, müəyyən siqnallara reaksiya versin və sağım üçün südü buraxsın. Bu siqnallar inəklərdə sinir və hormonal reaksiya formalaşdırır və buzovun süd içməyə hazır olduğunu və ya sağımın başlamağına reaksiya verməsini təmin edir. Bu siqnallar vizual və ya səs formasında ola bilər. Vizual siqnal dedikdə inəyin buzovu görməsini, səs formasında dedikdə isə buzovun səsi və ya sağım aparatlarının səsini qeyd etmək olar.
Bu siqnalların təsiri nəticəsində hipofizin arxa hissəsi oksitosin hormonu ifraz edir ki, o da süd ayrılması prosesini formalaşdırır. İnək qorxarsa və ya həyəcanlı olarsa, süd ayrılması prosesinə təsir göstərir. Bu səbəbdən sağım zamanı inəklərin maksimum sakit, səssiz və bir-birinə tanış inəklərlə birgə sağılması tövsiyə edilir.