İmmunoqlobulinin həcmi xüsusən ağız südündə həddindən artıq yüksəkdir. Ağız südü yeni doğulmuş buzov üçün həyati əhəmiyyətlidir və onu “passiv immunitet” adlandırırlar. Buzovun özünün orqanizmində “aktiv immunitet” formalaşana qədər ağız südü buzovu qoruyur. Bu səbəbdən buzov doğulduqdan qısa müddət ərzində (bir neçə saat) ona ağız südü içirilməlidir.
Belə ki, ağız südünün tərkibində immunoqlobulinlərin xüsusi növü olan G immunoqlobulini olur. Bu immunoqlobulin süd vəzilərindən yox, birbaşa qan zərdabından ayrılır. Həmin immunoqlobulinin buzov tərəfindən qəbulu (həzmi) ilk 36 saat ərzində mümkün olur. Ağız südündə həmçinin digər həzm fermentləri də mövcuddur ki, onlar da immunoqlobulinin qəbuluna kömək göstərir. Bu səbəblərdən doğuşdan qısa müddət sonra buzova ağız südünün verilməsi onun sağ qalmaq ehtimalını yüksəldir. İmmunoqlobulin buzovlarda 60 gün ərzində qalır və bu müddət ərzində buzovun özünün immun sistemi formalaşır.
Süddə arzu edilməyən maddələr
Bakteriyalar
Hətta sağlam inəklərin südünə belə sağım zamanı və ya sonrası bakteriyalar daxil ola və orda qala bilərlər. Mastitli inəyin 1 litr südündə 1 milyona qədər bakteriya ola bilər.
Antibiotik
Süddə antibiotik mövcud ola bilər. Belə ki, xəstə heyvanların antibiotiklə müalicəsi zamanı əzələ və ya dəriyə vurulmuş antibiotik bir müddət sonra südə keçir. Süddə antibiotik olması südün emalı prosesində bir çox süd məhsulları alınması prosesinə mane olmaqla yanaşı, insanlarda müəyyən allergiyalar da yarada bilər. Bu səbəbdən antibiotik müalicəsi alan inəklərin südü bir müddət ayrı sağılmalı və istifadə üçün verilməməlidir. Bu müddət istifadə edilən antibiotik istifadə təlimatında göstərilən gün qədər olmalıdır.