Hər bir sistem havanı müəyyən sürətlə sovuran vakuum sistemi ilə təchiz edilir. Əmcək başlıqları əmcəklərdə müəyyən dövr üzrə sıxılma prosesini tənzimləyir. Vakuum requlyatoru vakuum havasının təzyiqini tənzimləyir. Tələ-filtri süd və vakuum xətlərini ayırır və sistemin “təmiz” və “çirkli” rejim arasında dəyişməsini tənzimləyir.
Vakuum
Vakuum heç bir şeyin olmadığı yerdir, başqa sözlə desək, boşluqdur. Bu söz latınca "vakuus" sözündən yaranmışdır və "boşluq" mənasını verir. Müəyyən qapalı sahədən hava sorulub kənarlaşdırıldıqda orada hava təzyiqi düşür və sahədə vakuum yaranır. Sahənin daxilindəki və ondan kənardakı təzyiq fərqi "vakuum səviyyəsi" adlandırılır. Sağım sistemi üçün 2 vakuum xətti zəruridir. Birinci vakuum boru xətti (daimi vakuum) təzyiq fərqi yaradaraq sağım stəkanlarında yığılmış südün süd saxlama çəninə vurulması və stəkanların inəyin əmcəyində dayanmasına xidmət edir. Pulsasiyalı vakuum boru xətti periodik olaraq rezin sağım əmcəklərinə havanı açır və buraxaraq əmcəklərin masajına və qan dövranının dəstəklənməsinə xidmət edir.
Maşınla sağım sistemində rezin əmcəklərdəki vakuum səviyyəsi çox vacibdir. Bütün sağım sistemlərinin əsas funksiyası inəyin hər bir əmcəyi ətrafında vakuum yaratmaq, əmcəyi dartmaq və süd kanallarını açmaqla südün əmcəkdən kənara axmasını təmin etməkdir.