Kollektorun üzərində hava ventili olur ki, o da hər dörd əmcəkdən sağılaraq toplanan südə hava daxil olması və təzyiq səviyyəsinin oynamamasını tənzimləyir.
3.4.3 Sağım aparatına texniki qulluq
Sağım prosesinin davamlı və düzgün aparılması üçün sağım aparatının hər bir qurğu və komponenti işlək vəziyyətdə olmalıdır. Bu məqsədlə aparılan mütəmadi texniki xidmət çox vacibdir. Vakuum sisteminin test edilməsi sistem qurulduqdan sonra həyata keçirilir. Bununla yanaşı, mütəmadi nəzarət və texniki qulluq da vacibdir. Gündəlik sağımda bu nəzarət sağım başlamamışdan avadanlıq “boş” işlədiyi zaman aparıla bilər. Vakuum nasoslarının yoxlanması və müntəzəm yağlanması çox vacibdir. Həmçinin hərəkət edici hissələr olan ventilyator və onun qayışları da müntəzəm yoxlanmalı və istifadə ömrünə və işlənmə səviyyəsinə görə dəyişdirilməlidir. Həmçinin requlyator, interseptor və filtrlər mütəmadi açılmalı, təmizlənməlidir.
Sağım stəkanlarına texniki qulluq sağım avadanlıqlarına aparılan texniki qulluğun ən vaciblərindəndir. Belə ki, sağım stəkanı birbaşa inəklə təmasda olan hissə olaraq daim tələb olunan texniki parametrlərə sahib olmalıdır. Sağım stəkanları daxilində yerləşdirilən rezin əmcəklər əksərən təbii və ya sintetik rezindən və ya silikondan hazırlanır. İstifadəyə uyğun olaraq bir müddət sonra elastikliyini itirir və bununla da işə yararlılığı azalır. Bunun nəticəsində rezinlər gec açılıb bağlanır və yekunda sağım sürəti azalır.