Praktikada buzovun diri çəkisinin 8-10%-i miqdarında günlük süd verilir. Günlük südün bir dəfəyə içirdilməsi buzovda qursağın dolması və işkəmbəyə keçməsinə və nəticədə müəyyən problemlərin yaranmasına səbəb ola bilər. Bu səbəbdən südün 2 bərabər hissəyə bölünməklə gündə 2 dəfə verilməsi normal qəbul edilmiş praktika hesab edilir.
Südlə bəsləmənin ilk dövründə əmzikli plastik qablardan istifadə edilir. Bu südün daha yavaş-yavaş içilməsinə və nəticədə buzovlarda ishal hallarının az müşahidə edilməsinə təsir göstərir. Hər bir halda buzov yemlənib qurtardıqdan sonra növbəti süd içirmə üçün əmzik hissəsi dezinfeksiya edilməlidir.
Daha sonrakı dövrlərdə vedrələr vasitəsi ilə südlə yemləmə əsas istifadə edilən üsuldur. Bu zaman süd normaya uyğun vedrələrə tökülür və buzovlar vedrələrə bərkidilmiş əmziklər vasitəsi ilə südü içirlər. Südlə yemləmənin ilk dövrlərində içirdilən südün temperaturu 39 °C olmalıdır. Temperaturun normadan kənarlaşması buzovlarda ishal və digər problemlərə səbəb olur. Daha yuxarı yaşlı buzovların südlə yemlənməsi zamanı temperaturu daha aşağı dərəcədə də (25-30 °C) etmək olar.
Buzovların yemlənməsində süd əvəzinə süd tozundan da istifadə edilir. Süd tozunun təbii südə nisbətən üstünlükləri və çatışmazlıqları mövcuddur. Süd əvəzləyici təbii südə nisbətən daha aşağı yağlılığa malik olur ki, təbii südə nisbətən aşağı enerji tərkibinə malik olur.