ARAŞDIR
Ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində aparılan əsas, səpinqabağı və vegetasiya torpaq becərmələrini, tətbiq edilən ümumi qulluq işlərini digər bitki quruplarından fərqləndirərkən nələrə diqqət edilməlidir? Araşdırın.
3.1. Bitki əkin prosesləri və əkin sistemləri
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsuldur. Əkin Hər hansı kənd təsərrüfatı bitkisinin məhsuldarlığı səpin müddəti və üsulunun düzgün seçilməsindən, toxumun basdırılma dərinliyi və optimal səpin normasından əhəmiyyətli dərəcədə asılıdır. Artırılmış yaxud azaldılmış səpin norması, vaxtından əvvəl yaxud ləngimiş səpin, optimal səpin üsulu və toxumun basdırılma dərinliyinə riayət etməmək istər-istəməz məhsulun və onun keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarır.
3.2. Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində aparılan əsas, səpinqabağı və vegetasiya torpaq becərmələri
Əsas torpaq becərmələri. Torpağın əkin qatının çevrilməsi və yumşaldılması ilə bərabər gübrələrin, bitki qalıqlarının və köklərinin torpağın alt qatına çevrilməsi prosesi torpağın əsas becərilməsi (şumlama) adlanır.
Torpağın çevrilməsi onun üst və alt qatlarının yerlərinin dəyişməsidir. Bu əməliyyat kotan vasitəsilə həyata keçirilir. Vegetasiya müddətində torpağın ayrı-ayrı qatları müxtəlif dəyişikliklərə məruz qalır. Əsasən torpağın üst qatı çox bərkiyir, tozlanır, alaq toxumları ilə daha çox zibillənir, alt qat isə əlverişli strukturaya və artıq nəmliyə malik olur.