3.3. | Ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində növbəli əkinin tətbiqi |
Hər hansı bitkinin uzun müddət eyni tarlada fasiləsiz əkilməsi nəticəsində, get-gedə onların məhsuldarlığı azalır.
Məhsulun azalmasının səbəbi “torpağın yorğun düşməsi”, alaqların çox yayılması, bitkilərin xəstəlik və zərərvericilərinin çoxalmasıdır. Ona görə də, bitkilərin məhsuldarlığını yüksəltmək üçün bitkilərin növbələşdirilməsini təşkil etmək lazımdır.
Tərəvəz bitkilərinin növbələşdirilməsi, torpaqda qida maddələrinin miqdarının artırılmasını və onlardan səmərəli istifadə olunmasını, əlverişli sufiziki xüsusiyyətləri yaratmaqla torpaqların eroziyadan qorunmasını, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı düzgün mübarizə aparılmasını təmin edir.
Növbəli əkin üçün ayrılan ərazi, becərilən bitkilərin əkin sahələrinə görə bərabər tarlalara bölünür. Bu zaman tarlaların həcmi arasında olan fərq 5%-dən artıq olmamalıdır. Hər bir tarlada bir və yaxud eyni qrupa daxil olan bir neçə bitki əkilir. Hər bir növbəli əkin müəyyən sayda tarlalardan təşkil olunur.
Növbəli əkin sxemində nəzərdə tutulan hər hansı bitkinin və ya heriyin bütün tarlaları keçərək, öz əvvəlki tarlasına qayıtdığı müddətə rotasiya dövrü deyilir.
Sadə növbəli əkinlərdə rotasiya müddəti tarlaların sayına uyğun olur. Məsələn, əgər növbəli əkinə dörd tarla ayrılarsa rotasiya müddəti 4 il, beş tarla ayrılarsa 5 il və s olacaqdır.
Növbəli əkin tarlalarında bitkilərin yerləşdirilməsi, sələflərin düzgün seçilməsi əsasında aparılmalıdır.
Hər hansı tarlada əvvəlki ildə əkilən bitki, sonrakı bitki üçün sələf adlanır.
Əksər tərəvəz bitkiləri torpaq münbitliyinə daha çox tələbkar olmaqla bərabər, həm də xəstəlik və
zərərvericilərə tez yoluxurlar. Ona görə də, tərəvəz növbəli əkinlərində eyni xəstəlik və zərərvericilərlə sirayətlənən bitkilərin bir-birini əvəz etməsinə yol verilməməlidir. Bu səbəbdən də növbəli əkin tarlalarının sayı bitkilərin fəsilə, növ və sortundan, həmin bitkilərin məhsuluna olan tələbatdan asılıdır.