3.3.1. Sıxlaşdırılan və təkrar əkinlər.
Sıxlaşdırılan əkinlər eyni vaxtda, eyni yerdə iki-üç növ bitki becərib məhsul almaq, və ya eyni bitkinin maksimum dərəcədə sıxlaşdırmaqla bol məhsul götürməkdən ibarətdir (Şəkil 3.4.). Eyni bitkini sıxlaşdırmaq üçün onların müxtəlif sortlarının əkin vaxtlarını uyğunlaşdırmaq lazımdır. Məsələn, faraş yazlıq və payızlıq kələmlər may, iyun aylarında yığılır, sahə azad olur. Bu kələmlərin cərgə arasında 50-70 sm bir-birindən aralı gec yetişən yazlıq kələm sortlarının hazır şitilini əkmək mümkündür. Bu zaman yetişmiş kələmlər yığıldıqdan sonra, həmin cərgələrin yeri gecyetişən kələmin cərgəarası sayılır və becərilir. Lent üsulu ilə səpilmiş soğanın arasına dəstə halında yazda istifadə etmək üçün kök yaxud əksinə kökün lent arasına səbzə soğan səpirlər.
Sıxlaşdırıcı kimi ədviyyat, bitki çayları və dərman bitkilərindən kişniş, şüyüd və s.-dən çox
geniş istifadə edirlər. Çünki bunlar cücərmədən 25-40 gün sonra yığılıb istifadə olunur. Bu bitkilərdən ispanağın toxumunu payızlıq kələmin, xiyarın, gecyetişən kələmin cərgəarasına səpmək olar. Soğan, cəfəri, kərəviz kimi bitkilərin toxumuna 3-4% tez cücərən acıtərə, kahı toxumları qatıb səpirlər. Bunlara cərgə göstərən (mayak) bitkilər deyilir. Onlar yeyilməli olan kimi kökündən çıxarılıb mənimsənilir. Örtülü sahədə ədviyyat, bitki çayları və dərman bitkiləri sıxlaşdırıcı kimi daha geniş istifadə edilir. Acıtərə, kahı bu məqsədlə daha çox əkilir. Cavan meyvə bağlarında və üzümlüklərdə cərgə aralarında müxtəlif ədviyyat, bitki çayları və dərman bitkilərinin, xüsusən ədviyyat becərilməsi də sıxlaşdırılan əkin kimi xüsusi yer tutur.
Respublikamızın əlverişli iqlim şəraiti, bir sıra bitkiləri il ərzində 2 dəfə, bəzilərini isə 3-4 dəfə təkrar əkib məhsul götürməyə imkan verir.
Təkrar əkin eyni yerdə bir növ bitkini yetişdirib yığmaq və onun yerində həmin vegetasiya dövründə, ya o, ya da başqa növ bitkini əkib-becərməkdir.
Azərbaycanın tərəvəzçilik təsərrüfatlarında ən çox təkrar əkilən kələm, xiyar, lobya və səbzə bitkiləridir. Müxtəlif sələflərdən sonra respublikamızın şəraitində kələmi noyabrda, martda, mayda, iyunda, səbzəni isə yazda 2 dəfə, payızda isə 2-3 dəfə səpmək mümkündür. Məsələn, payızdan ispanaq əkilmiş sahəyə mart ayında kələm şitili əkmək onun yernnə iyun ayında kök və noyabr ayında ispanaq toxumu səpmək olar.