Sıxlaşdırılan əkinlər bəzən mexanikləşməyə mane olur. Ona görə sıxlaşdırılan bitkilər cərgə aralarının becərilməsi nəzərə alınmaqla səpilməlidir. Təkrar əkinlər isə mexanikləşməyə mane olmur.
3.3.2. | Ədviyyat, bitki çayları və dərman bitkilərinin səpin (əkin) sxemləri, səmərəli qida sahəsi, bitki sıxlığı və əkində yerləşdirmə üsulları |
Ədviyyat, bitki çayları və dərman bitkilərinin məhsuldarlığının artırılması, onlara normal qida sahəsi verməklə, sahədə düzgün yerləşdirməkdən asılıdır.
Qida sahəsi - bir bitkiyə düşən torpaq sahəsi nəzərdə tutulur ki, bu da geniş mənada bitkinin kök sistemi və yerüstü hissəsinin torpaqda və fəzada tutduğu həcmdən ibarətdir. Normal qida sahəsinə malik olan bitkilər yaşayış amillərindən səmərəli istifadə edərək, yaxşı inkişaf edir və yüksək məhsul verirlər.
Ədviyyat, bitki çayları və dərman bitkiləri, bioloji xüsusiyyətlərindən asılı olaraq qida sahəsinə müxtəlif tələbat göstərirlər. Hətta eyni bitkinin ayrı-ayrı sortları üçün müxtəlif qida sahəsi tələb olunur. Bundan başqa, torpağın münbitlik dərəcəsindən və tətbiq olunan aqrotexikadan asılı olaraq, bitkilər qida sahəsinə fərqli tələbat göstərirlər. Ona görə də, ərazinin torpaq tipindən və becərmə texnologiyasından asılı olaraq, bitkilərin normal qida sahəsi müəyyən edilməlidir.
Torpaq münbit olduqda və suvarma şəraitində qida sahəsi azaldılaraq bitkilər daha sıx əkilir. Yarpaqı ədviyyat bitkiləri boyca çox xırda olmaqla əkində çox sıx yerləşir. Onların yarpaq qrupu tam inkişaf etdikdə əkinləri çəmənliyi xatırladır. Hektarda 3-5 mln. ədəd keşniş, şüyüd, acıtərə, səbzə soğan, 0,5-2 mln. ispanaq, kahı bitkisi olur (Şəkil 3.5.).
Birillik yarpaqı ədviyyat bitkiləri Azərbaycan şəraitində çökək ləklərdə dağınıq səpilir (Şəkil 3.6.). Bu, suya olan tələbatı qismən ödəyir, çünki təknə formasında olan çökək ləklər suyun başqa yerə getməsinə imkan vermir. Onun hamısı ləkdəki bitkilərə sərf olunur. Ləklərdə dağınıq səpin mexanikləşməyə az imkan verdiyi üçün düz səthdə həmin sıxlığa yaxınlaşmaq üçün və müəyyən qədər mexanikləşmə tətbiq etmək üçün onları cərgəli şəklində səpirlər (Şəkil 3.7.).