Bu əməliyyatın böyük əhəmiyyəti vardır:
✓ bitkinin dibini doldurduqda onların gövdəsinin daha yuxarı hissələrindən köklər əmələ gəlir. Bu, bitkinin kök sistemini artırdığından, onun qidalanmasını, su ilə təminatını gücləndirir, məhsuldarlığını 10-20% və daha çox yüksəldir. Dibdoldurma gövdədən kökverən bitkilərdə daha effektlidir.
✓ dibdoldurma bitkilərdə dayaq rolunu oynayır. Onların dik durmasına, yaxşı işıqlanmasına və havalanmasına səbəb olur, bitkilər yerə yatıb çürümür.
✓ dibdoldurma zamanı torpaq yumşaldılır, havalanma yaxşılaşır, alaqlar qismən məhv olur, torpağın üst münbit qatı bitkinin dibinə toplanır və torpaqdan səmərəli istifadə olunur.
Dibdoldurmanı əl alətləri ilə, xüsusən bel və toxa ilə, həmçinin dibdolduran kultivatorlarlada aparmaq mümkündür.
3.4.2. Mulçalama və onun əhəmiyyəti
Torpaq səthinin müxtəlif materiallarla örtülməsi mulçalama adlanır. Burada məqsəd torpağın səthində örtük qatı yaratmaq və buxarlanmanın qarşısını almaqdır.
Mulçalamanın üstünlükləri:
• Torpağın strukturunu yaxşılaşdırır və torpaqdan mineral maddələrin yuyulmasının qarşısını alır;
• Torpağı qurumaqdan qoruyur (nəmliyi saxlayır);
• Torpağın hərarətini (istiliyini) sabitləşdirir;
• Alaq otlarının qarşısını alır;
• Üzvi materialdan olan mulça torpağı gübrələyir, torpağın tərkibində humusun miqdarını artırır.
Mulçalama üçün yararlı materiallar:
Çürümüş peyin və kompost (ola bilsin ki, yetişməmiş) mulçalama üçün, xüsusilə də humusu intensiv mənimsəyən bitkilər üçün ən yaxşı materiallardan biridir;
Biçin qalıqları (saman, çiyid qabığı, yığılmış bitkilərin gövdə və qalıqları) əla mulçadır. Xəstə bitki qalıqları diqqətlə seçilməlidir! Paxlalı bitkilərin qalıqları xüsusilə yaxşıdır;
Ağac kəpəyi ən çox istifadə edilən mulça olmaqla, açıq rəngli olduğu üçün torpağın çox qızmasına imkan vermir və bitkilər üçün sərinlik şəraiti yaradır. Bu materiallar cərgəarasına və bitkilərin dibinə eyni qaydada yayılmalı və torpaq səthində qalınlığı 3-5 sm olmalıdır. Eyni zamanda belə materiallar işlənib torpağa qatılır və üzvi gübrə kimi münbitliyi artırır. Lakin böyük sahələrə vermək üçün çoxlu miqdar üzvi qalıq tələb olunur.
Təzə biçilmiş ot - bir az solmalıdır ki, çürümə prosesi və ya göbələk xəstəliklərinin əmələ gəlməsinin qarşısı alınsın.