4.1. | Ədviyyat, bitki çayları və dərman bitkilərinin suya olan təlabatı, suvarma rejimi və suyun keyfiyyəti |
Su bitki üçün lazım olan vacib həyat amillərindən biridir. Toxumun cücərməsindən başlayaraq vegetasiyanın sonuna qədər bitkilər sudan istifadə edirlər. Çünki, bitki orqanizmdə gedən bütün fermentativ proseslər yalnız müəyyən bir nəmlikdə baş verə bilər. Bu nəmlik atmosfer çöküntüləri (yağış, qar) və suvarma ilə əldə etmək olar. Suvarmanın düzgün təşkili və tətbiqinin 3 əsas şərti var:
Bitkilər torpaqda suyun həm çatışmazlığına, həm də onun artıqlığına həssasdır. Nəmliyin çatışmazlığı zamanı hüceyrələrin elastikliyi itirilir və ağızcıqlar vasitəsilə karbon qazının udulması zəifləyir. Bunun da nəticəsində kökümeyvəlilər kobudlaşır, məhsuldar hissələr kiçildiyindən, məhsuldarlıq kəskin azalır. Nəmliyin artıqlığı zamanı isə bitkidə oksigen mübadiləsi pozulur, kök sistemi normal inkişaf etmir. Bitkilər göbələk xəstəliklərinə tutulur, məhsulu sulu, pis saxlanan, dadsız olur. Ona görə də, hər bir ədviyyat, bitki çayları və dərman bitkisindən kifayət qədər yüksək və keyfiyyətli məhsul almaq üçün onları öz inkişaf fazaları üzrə tələb etdiyi normada su ilə təmin etmək lazımdır. Xüsusilə, şitil əkilməsi və pikirovka (cücərtilərin köçürülməsi) zamanı hökmən bitki suvarılmalıdır.
Suya tələbkarlıq dedikdə bitkinin torpaqda suyun optimal miqdarına və onun içərisində qida maddələrinin olmasına münasibəti başa düşülür.
Bitkinin su rejimini düzgün başa düşmək üçün onun kök və yerüstü sistemləri, yəni su alan və sərf edən hissələrin xarakterini, bunların əmələgəlmə və inkişaf tarixini diqqətlə öyrənmək lazımdır. Kəvərin lentvarı, çəfəri, şüyüdün çox şaxələnən yarpaqları onların kontinental iqlim bitkisi olduğunu sübut edir, lakin tək bu əlamət kifayət deyildir. Belə ki, bostan bitkilərinin çox iri yarpaq kütləsinə malik olmasına baxmayaraq onlar havanın və torpağın quraqlığına yaxşı dozür, hətta o şəraiti tələb edir. Bu da onların nəhəng kök sisteminə malik olması ilə izah edilir. Ümumiyyətlə, bitkilərin kök sisteminin xarakteri onun suya tələbkarlığının yaxşı göstəricisidir. Razyana bitkisinin yarpaqları hava quraqlığına, kökləri isə az rütubətli torpaqlara uyğunlaşmışdır.