A= T ⋅ C
100
Məsələn: hektara 500 kq superfosfat gübrəsi verildikdə təsiredici maddənin (P2O5) miqdarı:
A= ( 500x19) :100 = 95kq
Hektara verilecək gübrə norması məhsuldarlıq planı əsasında müəyyən edilir.
5.2. Ekoloji-təmiz tərəvəz istehsalında tətbiq edilən təbii-üzvü gübrələr
Ədviyyat, bitki çayları və dərman bitkiləri torpaqdan çoxlu miqdarda qida maddələri aparırlar və üzvi gübrələr vasitəsilə onlar bərpa olunmadığı halda torpaq gücdən düşür. Üzvi gübrələr heyvan və bitki mənşəli maddələrdən ibarətdir. Çürüyərək bunlar mineral maddələr əmələ gətirir və bu zaman torpağın üst qatına bitkilərdə fotosintez prosesinin getməsi üçün zəruri olan karbon ayrılır. Bundan əlavə üzvi gübrələr bitkilərin su və hava qidalanmasına müsbət təsir göstərir, tərəvəz bitkilərinin kökləri ilə simbiozda olan torpaq bakteriyalarının və mikroorqanizmlərin inkişafına yardım edir, onlara mənimsənilən qida elementlərini əldə etməyə kömək edirlər. Üzvi gübrələr sırasına peyin, torf, kompost, quş zılı, çürüntü və digər üzvi materiallar aid edilir.
Peyin - Bu ən qiymətli üzvi gübrələrdən biridir. Müxtəlif heyvanların peyinində orta hesabla vardır (%- lə): su - 75, üzvi maddə - 21, ümumi azot - 0,5, mənimsənilən fosfor - 0,25, kalium oksidi - 0,6. Peyinin keyfiyyəti heyvanın növündən, onun yemindən, döşəmədən və saxlama üsulundan asılıdır. Az çürümə mərhələsində olan peyin torpağa payızda, daha çox çürümüş isə - yazda verilir. Soyuq torpaqlarda peyin 10-15 sm dərinliyə verilərək üstü torpaqla örtülür.
Quş zılı -Kimyəvi tərkibinə görə quş zılı üzvi gübrələrin ən yaxşı növləri sırasına aiddir. Bu sırada daha qiymətli toyuq və göyərçin zılıdır, nisbətən zəif isə ördək və qaz zılı hesab olunur. Zılın torpağa tez-tez verilməsi zamanı azotun nitrat formasının toplanması müşahidə olunur. Bu baxımdan zılın payızda və bütün sahə üzrə bərabər paylanmasını təmin etməklə verilməsi məqsədəuyğundur. Lakin quş zılının ən səmərəli istifadə forması onun maye halıdır. Bunun üçün həcmin yarısını zıl ilə doldurub üzərinə su əlavə edirlər və bu vəziyyətdə 3-5 gün ərzində saxlayırlar. Məhlulu yenidən su ilə qarışdıraraq (1:10) istifadə edirlər.