MƏQSƏD
Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin əkinlərində yayılan xəstəlik və zərərvericiləri əlamətlərinə görə tanıyacaq və onlara qarşı mübarizə tədbirlərini həyata keçirə biləcəksiniz.
ARAŞDIR
Ədviyyat, bitki çayları və dərman bitkiləri əkinlərində yayılan xəstəlik və zərərvericiləri təyin edərkən və onlara qarşı mübarizə tədbirlərini həyata keçirərkən nələrə diqqət edilməlidir? Araşdırın.
6.1. Ədviyyat, bitki çayları və dərman bitkilərinin əsas xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirləri
Bitki xəstəlikləri və onlara qarşı mübarizə ilə fitopatologiya elmi məşğul olur. Fitopatologiya yunan sözü olub (phuton - bitki, patos - xəstəlik, loqos-elm), bitki xəstəlikləri haqqında elmdir.
Bitki xəstəliyi pataloji proses olub, bitki, xəstəlik törədici və ətraf mühit amillərinin təsiri altında baş verir.
Xəstə bitki - özünə məxsus bioloji sistemdir, onun çərçivəsi daxilində bitki və patogenin (xəstəlik törədən orqanizm) böyüməsi və inkişafı baş verir. Bu isə bitkinin və ya onun ayr-ayrı orqanlarının formasının dəyişməsi, böyüməsinin pozulması ilə nəticələnir.
Kənd təsərrüfatı bitkilərinin xəstəlik törədiciləri müxtəlif mikroorqanizmlərdir: göbələklər, bakteriyalar, viruslar və s.
Xarici mühit amilləri içərisində temperatur və rütubət göbələklərin inkişafında önəmli yer tutur. Göbələklər geniş temperatur həddi (2+ 400C) daxilində inkişaf etsələrdə, onların böyümə və inkişafı üçün 18-250C temperatur optimal hesab olunur.
Bir çox göbələklərin inkişafında rütubət amili həlledicidir. Göbələklərin əksər nümayəndələri yalnız damcı su, yüksək rütubət, şeh şəraitində cücərir və bitkiləri sirayətləndirir (yoluxdurur). Torpaqda yaşayan göbələklər üçün torpağın turşuluğu mühüm əhəmiyyət kəsb edir. Torpaq turşuluğunun zəif olması (ph 4,0-6,0) torpaq göbələklərinin əksəriyyəti üçün əhəmiyyətlidir.
Bitki zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri ilə entomologiya elmi məşğul olur. Entomologiya yunan sözlərinin birləşməsi olub (entomon - həşərat, loqos - elm) həşərat aləmindən bəhs edir.
Zərərverən orqanizmlərə qarşı səmərəli mibarizə tətbiq etmək üçün həşəratın həyat tərzi və inkişaf şəraitini bilmək lazımdır. Belə ki. həşərat istiqanlı olmadığı üçün bədəninin temperaturunu nizamlaya bilmir. Odur ki, havanın temperaturu nə qədər olarsa həşəratın bədəninin temperaturu da o qədər olur.
Əksər həşərat +10 +350C temperaturda normal yaşayır. Temperatur +350C-dən artıq olduqda, yaxud +100C-dən aşağı düşdükdə həşəratın orqanizmində fizioloji və bioloji proseslər dayanır.