1.7.4. Cəfəri
Cəfərinin kökündən və yarpaqlarından istifadə olunur. Bitki ətirli olmaqla bərabər yarpaqlarında 3,7% azotlu maddələr, 0,72% yağ, 6,7% azotsuz ekstraktiv maddələr, 1,45% sellüloza, 1,7% kül, 1,1% mineral maddələr, 0,1% üzvi turşular, karotin, C, B1, B2, K vitaminləri vardır. Toxumlarında 2-7%, yarpaqlarında 0,3% efır yağı vardır.
Qədim Roma və Yunan xalqları hələ bizim eradan qabaq cəfəridən dərman və ədviyyə kimi geniş surətdə istifadə etmişlər. Cəfəri ədviyyə
xassəli, şirintəhər, xoş iyə və kəskin tama malik bitkidir. Əczaçılıq sənayesində bunun kök hissəsindən cövhər və müalicəvi xüsusiyyətinə malik çay hazırlanır, qaraciyər və öd kisəsi xəstəliklərində çox istifadə edilir. Xalq təbabətində pörtlədilmiş halda yel, böyrək xəstəlikləri və sinqa xəstəliklərinin müalicəsində istifadə olunur. Məşhur alim İbn Sina qeyd edirdi ki, cəfəri sidiyi qovub, böyrəkləri, sidik kisəsini təmizləyir. Soyuqdəymələrdə, yaraların sağalmasında, görmə qabiliyyətinin artırılmasında, sidik kisəsi və böyrək daşı xəstəliyində, vitamin çatışmamazlığında daha çox istifadə olunur. Cəfərinin cavan yaşıl zoğları ət, balıq və tərəvəz xörəklərinə ədviyyə kimi əlavə edilir. Bitki təzə halda müxtəlif xörəklərin, salatların hazırlanmasında, konserv sənayesində, xüsusən meyvə-tərəvəzin duza və şorabaya qoyulmasında geniş istifadə olunur. Cəfəri kökündən aşbazlıqda, efir yağından ətriyyat, kosmetika və sabunbişirmə sənayesində istifadə edilir.
1.7.5. Kərəviz
Kərəvizin tərkibində 1,1% azotlu maddələr, 0,27% yağ, 5,9% azotsuz ekstraktiv maddələr, 1% sellüloza, 0,07% kül vardır. Yarpaqlarında 0,1%, kökündə 0,10%, toxumunda isə 2,4-3% efir yağı, yarpaqlarında K, Na, Mn, Ca, Fe vardır.
Dərman və qida kimi kərəvizin otundan, saplağından, yarpağından, meyvəsindən və köklərindən istifadə edilir. Kərəviz qüvvəli sidikqovucudur. Xalq təbabətində kərəvizin şirəsindən, eləcə də meyvələrindən hazırlanan çay böyrək xəstəliklərində daşsalıcı dərman kimi işlədilir. Kök və yarpağı iştahanı artırır, həzm prosesini yaxşılaşdırır, qastritdə, mədə və onikibarmaq bağırsağın xorasında zəif işlədici dərman kimi, eləcə də revmatizmin müalicəsində istifadə edilir.