Onun cövhərindən ağrıkəsici, qızdırmaəleyhinə, qaraciyər, allergiya və s. xəstəliklər zamanı istifadə olunur. Kərəviz böyrək və sidik kisəsini təmizləyir. Mədə köpünü yatırır, qazları özünə hopdurur. Kərəviz təngnəfəslik, hıçqırma, böyrək ağrısı hallarında faydalıdır. Kök və yarpağını balda uzun müddət saxladıqda mədəni qüvvətləndirir, ürək bulanmanın qarşısını alır. Onu sirkə ilə işlətdikdə iştahanı artırır, xalq təbabətində sinqa, şəkərli diabetə qarşı istifadə edilir. Kərəvizin tərkibində həll olunmuş qələvi duzlar orqanizmdə zülal maddələrinin asanlıqla mənimsənilməsinə səbəb olur, turşuluq qələviliyi tarazlayır, orqanizmin vaxtından qabaq qocalmasının qarşısını alır. Sinir sistemini sakitləşdirir və piylənməni dayandırır.
Azərbaycanda demək olar ki, bütün il boyu bu qüvvətli bitkinin yarpaqlarından bir çox xörəklərin, salatların hazırlanmasında geniş istifadə olunur. Bu bitkini hətta qurudub istifadə edirlər. Konserv sənayesində, aşbazlıqda, müxtəlif tərəvəzləri duza, şorabaya qoyduqda daha geniş istifadə olunur. Yarpağı, saplağı, kökü təzə və qurudulmuş halda müxtəlif xörəklərə əlavə edilir. Ətli, şirəli saplaqları iştahla yeyilir.
1.7.6. Reyhan
Reyhan Dalamazkimilər (Lamiaceae Lindl.) və ya dodoqçiçəyikimilər (Labiatae) fəsiləsinə daxildir. Ədəbiyyat məlumatına görə 70 növü vardır. Onlardan ən geniş yayılanı limonu (ətrinə görə), bənövşəyi, şabalıdı, ətirli və adi reyhan növləridir. Mədəni reyhanın 4 növmüxtəlifliyi var:
1. Xırda reyhan-sıx xırda kol əmələ gətirir, yarpaqları və çiçək qrupu xırda, qırmızımtıl yarpaqları həm yaşıl, həm də bənövşəyi, həm sığallı, həm də qıvırcıq ola bilər.
2. İri reyhan-bitkisi daha iridir. Yarpağı yaşıl, çiçəyi bənövşəyidir. Cirə iyi verir.
3. Qaşıqvari reyhan -iri gəmiyə oxşar (qaşığa oxşar) yarpaqları var.
4. Dəstəvari reyhan-kiçik yığcam kola malikdir. Azərbaycanda həm yaşıl, həm bənövşəyi-yaşıl yarpağı olan orta kollu, xoş və incə ətirli reyhan becərilir.
Reyhanın bir sıra sortları vardır: “Gəncə reyhanı”, “Duşistıy krasavçik”, “Magiya vostoka” və s.
Gəncə reyhanı. Bu sortu şəhər ərazisində yerli əhali seçib yaratmışdır. Kolu 25-30 sm, yarpağı və gövdəsi açıq-yaşıl, görkəmi xoşagələndir. Cücərmədən 25-30 gün sonra istifadəyə başlanır, 35-50 gün sonra çiçəkləyir (çiçəkləri ağdır), 60-70 gün sonra toxumu yetişir. Vegetasiya ərzində 10-15 dəfə biçilir və 10-26 t yaşıl kütlə verir.
Qədimdən Azərbaycanda və bütün Zaqafqaziyada Gəncə sortunun analoqu olan vəyalnız ondan gövdə və yarpağının bənövşəyi -yaşıl rəngi ilə fərqlənən sort da geniş yayılıb.