Bir sıra bitkilərin vegetativ hissələri yeyilir, meyvə və toxumu isə yeyilən deyil və yalnız bitkini çoxaltmaq üçün lazımdır.
Toxumlar böyüklüyünə və çəkilərinə görə çox müxtəlifdir. Onlar cürbəcür rəngdə olur.
Səpin materialı dedikdə, praktikada bir qayda olaraq toxum başa düşülür. Lakin kərəvizkimilər, qarabaşaq (yolotular), astraçiçəklilər, pişikotukimilər fəsilələrinə daxil olan bitkilərin səpin materialı əslində meyvədir və daxili toxum örtüyündən, xarici örtükdən ibarətdirlər. Onların bu quru meyvəsinə elə toxum demək olar. Çünki toxum meyvənin əsas kütləsini təşkil edir.
2.1.1. Toxumların keyfiyyəti göstəriciləri və onlara qoyulan tələblər
Toxum nə qədər yaxşı keyfiyyətli olsa, ondan inkişaf edən bitkilər də bir o qədər güclü, məhsuldarlıq isə yüksək olar. Yaxşı toxum yüksək məhsul deməkdir. Səpin üçün ayrılan bütün toxumlar tələbata uyğun gəlməlidir. Daha doğrusu səpin üçün hazırlanan toxum təmiz olmalıdır. Yəni toxum materialında tullantı və qatışıqlar nə qədər az olsa, toxum bir o qədər təmiz olar. Belə keyfiyyətlərə malik toxum əldə etmək üçün səpindən qabaq toxumları qarışıqlardan təmizləmək, çəkisinə və iriliyinə görə çeşidləmək, mütləq çəkisini təyin etmək, təsərrüfat yararlılığını, xəstəlik və ziyanvericilərə, karantin alaqlara tutulma dərəcəsini yoxlamaq lazımdır. Kondisiyaya (təlabata) uyğun olmayan toxumlardan səpin üçün istifadə edilməməlidir.
Toxumun səpin keyfiyyətləri onun səpinə yararlı olmasını göstərir. Odur ki, səpiləcək toxumun təmizliyi onun cücərmə qabiliyyəti, canlılığı, cücərmə enerjisi, təsərrüfat yararlılığı, böyümə gücü, rütubəti, kütləsi, xəstəlik və zərərvericilərlə yoluxma dərəcəsi ilə müəyyən edilir. Toxumun səpin keyfiyyətini təyin etmək üçün əsas nümunədən iki orta nümunə: biri toxumların cücərmə qabiliyyətini, cücərmə enerjisini, xəstəliklərə tutulmasını, mütləq çəkisini, təmizliyini təyin etmək üçün, ikincisi isə toxumların rütubətliyini və anbar zərərvericilərinə tutulmasını təyin etmək üçün götürülür.
Toxumun təmizliyi - Təmiz və qarışıq toxumların miqdarı çəkməklə müəyyən olunur və faizlə götürülür. Təmiz toxumlara zədələnməyən və ya yüngül zədələnən toxumlar aid edilir. Toxumun təmizlik faizini təyin etmək üçün müxtəlif növlərin toxumundan standartda göstərilən miqdar orta nümunə tərəzidə çəkilərək, seçici lövhə üzərində bərabər surətdə yayılır. Sonra nümunəni lövhənin
diaqonalları boyu 4 bərabər üçbucağa bölərək 2 qarşı-qarşıya duran hissələri götürülür (Şəkil 2.2.).
Qarşı-qarşıya duran üçbucaqlardan təmizlik faizini təyin etmək üçün kiçik nümunə götürülərək tərəzidə çəkilir və seçici lövhə üzərində aşağıdakı hissələrə ayrılır: