Hər bir konkret halda dəqiq səpin normasını hesablamaq üçün səpin yararlılığında düzəlişlər aparılır. Bunun üçün səpin normasını faktiki təsərrüfat yararlılığına bölürük və I sinif toxumların təsərrüfat yararlılığına vururuq. Tutaq ki, K- səpin norması (I sinif toxumların təsərrüfat yararlılığına görə), TY1- I sinif toxumların təsərrüfat yararlılığı, TY2 - faktiki təsərrüfat yararlılığı olarsa, onda səpin norması (X) aşağıdakı kimi olar:
X = K x TY1/TY2
Belə ki, I sinif toxumların təsərrüfat yararlılığı və səpin normasına görə (6 kq/ha və 76%) turp bitkisinin 70% təsərrüfat yararlığında səpin norması
X = 6 x 76/70 = 6,5 kq olar.
Deməli, hesablanmış I sinif təsərrüfat yararlılığı, faktiki təsərrüfat yararlılığından az olduğu qədər, toxumların 1 hektara olan yeni səpin norması qəbul olunmuş səpin normasından çox olmalıdır.
2. 8. Şitil yetişdirilməsi texnologiyası
Şitil üsulunun tətbiqi tərəvəzçiliyin ən xarakter cəhətlərindən biridir. Şitil üsulunun mahiyyəti şitillik sahəsində toxum səpməklə bitkiləri 20-70 gün ərzində sıx halda becərib sonra əkin vaxtı əkin yerinə (açıq və ya örtülü torpaq sahəsində) köçürməkdən ibarətdir. Şitil ən çox qış zamanı örtülü torpaq sahələrində becərilir. Bünunla da bitkinin vegetasiya dövrünü süni şəraitdə xeyli uzatmaq və daha tez məhsul almaq mümkün olur. Belə sıx becərmədə bitkilərə kiçik qida sahəsi də kifayət edir. Onlar daha böyük qida sahəsi tələb etdikdə açıq əkin yerlərinə köçürülür.
Şitilliyin üstün cəhəti odur ki,
- Çox bitkiyə az sahədə asan qulluq olunur.