İlk vaxtlar şitillər az su normaları ilə gec-gec suvarılır ki, torpaq çox soyumasın. Bar vermə başlayana qədər 2-3 dəfə suvarılmalıdır. Barvermə başlayandan sonra hər 5-7 gündən bir, bəzən 3-4 gündən bir suvarılmalıdır ki, əmələ gələn meyvələr iriləşsin. Barvermə dövründə hər yığımdan sonra suvarma aparılmalıdır. Suvarma apararkən çalışmaq lazımdır ki, torpağın nəmliyi 60-70%, havanın nisbi rütubəti 45-60% olsun. Suvarma norması hektara 400-500 m3-dir. Suvarmalar sərin vaxtlarda, səhər və axşamlar aparılmalıdır ki, qaysaq əmələ gəlməsin və bitkilər buxarlanma nəticəsində xəstəliklərə yoluxmasınlar.
4.1.1. Meyvəli tərəvəz bitkilərinin suvarılma üsul və qaydaları
Artıq son dövrdə sudan səmərəli və qənaətlə istifadə olunması məqsədilə istixanalarda damcılı suvarma sistemi geniş tətbiq edilir. Damcıvari suvarmada polietilen borularla su dam-cılarla bir başa bitkinin qida sahəsinə verilir.
Damcıvari suvarmada su damcılarla bir başa bitkinin qida sahəsinə verilir. Damcıvari suvarma üsulu suvarma suyunun fasiləsiz olaraq kiçik su sərfləri ilə boru kəmərindən su qəbul edən xüsusi damcıladıcılar vasitəsilə bitkinin kök sisteminə verilməsindən ibarətdir.
Damcıvari suvarmanın əsas üstünlükləri ondadır ki, suvarma suyu bir başa bitkinin qida sahəsinə verilməklə bitki sudan və torpaqdakı qida maddələrindən səmərəli istifadə edir, sudan qənaətlə və səmərəli istifadə olunur, çərgəaraları quru qalmaqla sahənin alaqlanma dərəcəsi aşağı düşür, torpaq az-az damcılarla nəmləndirilməklə üst qatda suyadavamlı torpaq hissəciklərinin yuyulmasının qarşısı alınır, torpağın erroziya təhlükəsi aradan qalxır. Ən əsası odur ki, sudan istifadə əmsalı 85-90%-ə qədər yüksəlir. Belə ki, adi şırımlarla suvarma texnlogiyasında suyun bir hissəsi sahəyə çatana qədər buxarlanır, suvarma kanalları və şırımlar saz vəziyyətdə olmadıqda su daşaraq kənarlara axır, torpağın su keçirmə qabiliyyəti zəif olduqda torpaq tam islanmır və suvarma səmərəsiz başa çatır. Nəticədə, daha çox su sərf edilməklə su itkiləri baş verir. Bu cür suvarma üsulunda sudan istifadə əmsalı 40-50 %-dən çox olmur. Yəni, sahəyə verilən suyun 40-50%-i bitkinin kök yayılan qatına keçir, qalan hissəsi yuxarıda qeyd olunan şəkildə itkiyə gedir.
Damci ilə suvarma ekoloji, vəsait qoyuluşu, keyfiyyətli suvarma və suvarma suyuna qənaət baxımından xüsusilə effektlidir. Bu üsulla həm həm işçi qüvvəsinə, həm də suya qənaət olunur. Damcıvari suvarmada suya 2-5 dəfə, elektrik enerjisinə 1.5-2.5 dəfə, gübrələrin suvarma suyu ilə lazım olan hissəyə bir başa verilməsi baxımından, gübrəyə 20-50% qənaət olunur.