4.2. Meyvəli tərəvəz bitkilərinin gübrələnməsi
Meyvəli tərəvəz bitkiləri yüksək məhsul və yerüstü, yeraltı kütlə verdiyi üçün qida maddələrinə daha tələbkar bitkilər sırasına daxildir. Yüksək məhsuldarlıq üçün torpağın qida maddələri ilə təmin olunması dərəcəsindən asılı olaraq gübrə normaları və formaları müəyyənləşdirilməlidir. Odur ki, şum altına verilən gübrə ilə yanaşı, vegetasiya ərzində də yemləmə gübrələri verilməlidir.
Pomidor bitkisi 100 sentner məhsul əmələ gətirmək üçün 32 kq azot, 11 kq fosfor, 45 kq kalium sərf edir. Hektardan 500 sentner məhsul almaq üçün 20 ton peyin, təsiredici maddə hesabilə 150-180 kq azot, 90-130 kq fosfor, 60-100 kq kalium güb rəsi tələb olunur. İstixanada torpaq şəraitində becərilən pomidor bitkisi üçün fosfor və kalium gübrəsinin 50%-i əsas şum altına, 20%-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 30%-i isə meyvə əmələ gəlməsinin əvvəlində verilir. Azot gübrəsinin 30%-i yazda ikinci şum altına, 40-45 %-i şitil torpağa əkiləndən 12-15 gün sonra, qalan 25-30%-i isə meyvə əmələ gəlməsinin əvvəlində verilir.
İstixanada becərilən xiyar bitkisi üçün şum altına torpağın qidalılıq dərəcəsindən asılı olaraq 50-60 ton peyin çürüntüsü və torpaq analizinin nəticələrinə uyğun olaraq mineral gübrələr verilməlidir.
Xiyar bitkisi qida maddələri ilə lazımi miqdarda təmin edilmədikdə bitkinin inkişafı zəifləyir və bitkidə bir sıra xoşagəlməz əlamətlər meydana çıxır. Azot çatışmazlığında yarpaqların rəngi açıq yaşıl olur. Yarpaqlar vaxtından əvvəl saralıb tökülür, çiçəklərin ömrü qısalır, meyvələr açıq rəngli və kiçik olur. Azotlu gübrənin yarısı toxum əkinindən əvvəl torpaq hazırlığı dövründə verilir.
Qalan azotun yarısı budaqatma dövründə, yarısı da meyvə əmələ gəlmənin başlanğıcında torpağa verilir. Azotlu gübrələmənin yığımdan bir ay əvvəl dayandırılması tövsiyə olunur. Fosfor çiçəklərin mayalanması və meyvənin formalaşması üçün əhəmiyyətlidir. Fosfor çatışmadıqda bitkinin inkişafı zəifləyir, yarpaq çirkli, boz yaşıl rəng alır. Kalium meyvənin keyfiyyətinə və yetişməsinə müsbət təsir edir. Kaliumun 2/3 toxum əkinindən əvvəl, torpaq hazırlığı əsnasında əsas gübrələmədə, 1/3 isə suvarmada verilməlidir.
Badımcan mineral gübrələrə, xüsusən azot və kaliuma tələbkardır. O, azotla yaxşı təmin olunduqda daha sürətlə böyüyüb inkişaf edir və yüksək məhsul verir.