5.1.2. Pomidor bitkisinin əsas xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri
Pomidor bitkisi müxtəlif göbələk, bakterial və virus xəstəliklərinə yoluxurlar. Azərbaycanda bu bitkiyə ən çox ziyan vuran fitoftora, qara və ağ ləkəliklər, bakterial xərçəng və s.
Fitoftoroz. Pomidor əkinlərinə daha çox ziyan verən və geniş yayılmış göbələk xəstəliyidir. Xəstəliyə tutulmuş bitkinin yarpaq və gövdəsində qəhvəyi ləkələr əmələ gəlir. Əlverişli şəraitdə xəstəliyin törədicisi suvarma suyu, külək və yağmurla sağlam bitkilərə yayılır. Quru havada xəstəliyin yayılması zəifləyir. Hava nəm, dumanlı və gecələr soyuq olduqda xəstəlik daha sürətlə yayılaraq bitkinin yarpaq, gövdə, hətta meyvəsini də məhv edir. Bitkilər elə vəziyyətə düşür ki, elə bil onların üzərinə isti su tökülərək yandırıb.Hava quru keçdikdə xəstəliyə tutulmuş yarpaqlar quruyur, rütubətli keçdikdə isə çürüyür, meyvələrin isə üzü ağ örtüklə örtülərək yararsız olur. Havanın nisbi rütubəti80%, orta sutkalıq istilik 17-22ºC və gecələr istilik 10 ºC-dən aşağı endikdə xəstəlik daha sürətlə yayılmağa başlayır.
Xəstəliklə mübarizə üçün aşağıdakı tədbirlər vaxtında yerinə yetirilməlidir. Bitkilər sıx əkilməməli, sahə alaqdan təmiz saxlanmalı, bitki qalıqları yığılıb məhv edilməli, toxum 1%-li kalium-permanqanat məhlulu ilə dərmanlanmalı və istixanada vaxtlı-vaxtında havalandırma aparılaraq istilik və rütubət rejimi optimal normada saxlanılmalıdır.
Kimyəvi üsulla mübarizə aparmaq üçün xəstəliyin ilk nişanələri müşahidə edilən kimi 1%-li Bordo məhlulu, 25%-li ridomillə (hektara 1-1,5 kq), 70%-li antrakolla (hektara 1,2-1,8 kq), 75-80%li polikarbatsinin 0.4%-li, 90% mis xlor oksidinin 0.4%-li məhlulu ilə çiləmə aparılmalıdır. Çiləmə hər 7-10 gündən bir təkrar edilməlidir.
Makrosporioz (qəhvəyi ləkəlilik). Həm istixana, həm də açıq şəraitdə böyük ziyan verən göbələk xəstəliyi olub əvvəlcə bitkinin aşağı, sonra isə yuxarı yarpaqlarını zədələyir. Yarpaq üzərində iri dairəvi ləkələr əmələ gəlir, sonra həmin ləkələr çoxalaraq yarpaq quruyur. Meyvələrdə isə dairəvi formada, tünd çökək (batıq) ləkələr əmələ gəlir. Meyvə əvvəlcə saplağın meyvəyə birləşdiyi yerdən zədələnməyə başlayır. İstixanada gecə ilə gündüz arasında temperatur fərqi çox olduqda və sutkalıq temperatur kəskin azaldıqda xəstəlik daha tez inkişaf edir. Xəstəliyin törədicisi əsasən bitki qalığında qışlayır.
Xəstəliklə mübarizə məqsədilə bitki qalıqları istixanadan təmizlənməlidir. Xəstəliyin ilk nişanələri müşahidə edilən kimi 80%-li polikarbatsion və 80%-li polixrom preparatının 0.4%-li (10 litr suya 40 q hesabilə) məhlulu ilə çiləmə aparılmalıdır.