Bunlardan növbəli əkin, yığımdan sonra bitki qalıqlarının məhv edilməsi, toxumların əkindən əvvəl dərmanlanması çox vacibdir.
Antraknoz. Göbələk xəstəliyidir. Xəstəlik bitkiləri bütün fazalarda zədələyir. Xəstəlik toxumla keçir. Xəstəlik cücərtilərin kök boğazını zədələyərək, qonur ləkə törədir. Yoluxmuş bitkilər zəif inkişaf edirlər, yetişmiş meyvələrdə xırda sulu ləkələr əmələ gələrək, meyvələri bürüşdürüb tökür. Bu xəstəliklə mübarizədə profilaktiki tədbirlər aparılmalıdır. Məhsul toplandıqdan sonra bitki qalıqları sahədən təmizlənməli və dərin şumlanmalıdır. Səpin sağlam toxumla aparılmalıdır. Xəstəliyin ilkin əlamətləri göründükdə bitkilər 1% bordo məhlulu (6 kg/ha hesabı ilə), yaxud 0,4% mis-xlor oksidinin suspenziyası ilə çilənməlidirlər.
Qara ayaq xəstəliyi. Göbələk xəstəliyidir. Şitilxana şəraitində xəstəlik şitilləri zədələyir, nəticədə bitkinin kök boğazı nazilir. Kök sistemi çürüyür və bitkilər məhv olurlar. Yaşlı şitillər hər saat məhv olmurlar, lakin sahəyə köçürüldükdə bitiş çox çətin alınır.
Bu xəstəliklə mübarizədə şitillərin becərilməsində aqrotexniki qaydalara düzgün əməl olunmalı, torpaqda rütubətin çox artmasına yol verilməməli, şitillərin havası tez-tez dəyişməli, şitillərin arası müntəzəm olaraq yumşaldılmalıdır. Şitillərdə qara ayaq xəstəliyinə qarşı 0,5% bordo məhsulu və ya onu əvəz edən preparatlarla 2-3 dəfə çiləmə aparılır (3kq/ha hesabı ilə). Şitillərin dibinə qum və sönmüş əhəng qatışığı, yaxud kül (100 qram/m2) vermək lazımdır. Xəstə bitkiləri məhv edərək, onların ocaqlarını 3%-li bordo məhlulu ilə çiləmək lazımdır (1 hektar sahədə olan ocaqlar üşün 18 kq hesabı ilə).
Meyvənin təpə çürüməsi. Təpə çürümə xəstəliyi, örtülü və açıq sahədə təsadüf olunur və meyvəyə ziyan vurur. Bitkilərdə rütubətliliyin çatışmaması, havanın kəskin dəyişməsi bibərdə təpə çürümə xəstəliyini törədir. Xəstəliyin təsirindən meyvələrin təpə hissəsində qonur və ya tünd rəngli, batıq sulu, yaxud quru ləklər əmələ gəlirlər. Xəstəlik ən çox cavan meyvələri zədələyir. Zədələnmiş meyvələr bərk olur, yalnız rütubətli havada çürüyürlər.
Mübarizə əsasən profilaktiki tədbirlərdən ibarətdir. Bitkilərin suvarılması normaya və müddətinə riayət olunmaqla, aparılmalıdır.
Torpağa kalsium-xlorid və kalsium nitrat, gips, superfosfat verilməlidir. Toxumlar əkindən qabaq 0,5%-li kalium permanqanat məhlulu ilə dezinfeksiya edilməlidir.
5.1.3.1. Badımcan və bibərin fitoftorozu (fitoftoroz çürüməsi) (Phytophthora capsici Leonian)
Patogenin morfologiya və biologiyası. Bitkinin bütün orqanları yoluxa bilir. Köklərin yo-luxması adətən bitkinin tezliklə xəstələnməsinə səbəb olur. Sirayətlənmiş köklər tünd-qəh-vəyi rəng alır və kökün xarici qabığı asanlıqla qatlara ayrılır və düşür. Kök boğazının yoluxma simptomları əvvəlcə tünd-yaşıl sulutəhər xəstələnmiş sahələr şəklində meydana çıxır. Lakin belə ləkələr iriləndikcə tünd-qəhvəyi rəng alır. Yarpaqlarda simptomlar qeyri düzgün formalı kiçik sulu zədələr formasında əmələ gəlməyə başlayır. Xəstəlik göstərilən bitkilər üçün real təhlükə mənbəyidir. Yoluxma nəticəsində məhsuldarlıq aşağı düşür, istehsal olunan məhsulların keyfiyyət göstəriciləri azalır, əmtəəlik qabiliyyəti xeyli pisləşir. Patogen üçün əlverişli illərdə məhsuldarlıq 30-40% və daha çox aşağı düşür.