Mübarizə tədbirləri. Səpin optimal müddətdə geniş cərgəli yaxşı hazırlanmış torpaqda aparılmalıdır. Suvarma icazə verilən normada səhər saatlarında edilməlidir. Bütün bitki qalıqları sahədən kənarlaşdırılmalıdır. Üzvi gübrələrdən istifadə edilməlidir. Toxumlar səpin qabağı dərmanlanmalı, sahələrdə yüksək aqrofon təmin edilməlidir.
5.1.3.5. Badımcan və bibərin quru çüruməsi (fomopsis) (Phomopsis vexans (Sacc. et Syd.) Hart)
Təsnifatda yeri. Fungi və ya Mycota aləmi, Anamorfic fungi şöbəsi, Hyphomycetes sinfi, Hyphomycetales sırası, Dematiaceae fəsiləsi, Phomopsis cinsi
Bioloji qrupu. Nekrotrof
Bu göbələk cücərtilər əmələ gəldikdən dərhal sonra formalaşan toxmacarları yoluxur.
Gövdədə torpağın səthindən qismən yuxarı da tünd qəhvəyi zədələr əmələ gəlir. Son nəticədə quru çürümə ilə yoluxmuş gövdələr, cavan bitkilər sınır və məhv olurlar. Daha yaşlı bitkilər yoluxan zaman sahib bitkinin alt yarpaqlarında və gövdələrində həlqəvi və ya düzgün olmayan formalı zədələnmiş sahələr meydana çıxır. Onların rəngi bozdan qəhvəyiyə qədər dəyişir. Yoluxmuş sahələr ölçücə böyüyür və birləşirlər, nəticədə yarpaqların tam saralması baş verir və onların əksəriyyəti tökülür. Gövdələrin səthində yerləşən yaralar soluxmaya səbəb olmaqla, bitkilərin təpə hissəsini məhv edir. Meyvələrdə sirayətlənmə əvvəlcə yumşaq və şəffaf-qəhvəyi, basıq, oval formalı ləkələrlə zühur edir. Daha sonra meyvələrin səthində olan sirayətlənmiş sahələr dərinləşir, ölçüləri böyüyür, birləşir, yumşaq çürüməni əmələ gətirir. Quru hava şəraitində yoluxmuş meyvələr büzüşür və mumyalaşırlar. Xəstəliyin diaqnostik əlaməti konsentrik həlqələr şəklində yoluxmuş orqanlarda düzülən kiçik piknidlərdir. Piknidlər eyni zamanda infeksiya mənbəyi olaraq fitopatogen orqanizmin qışlamasını təmin edir. Göbələk piknid formasında bitki qalıqlarında və ya torpaqda mumyalaşmış meyvələrdə saxlanılır.