Xəstəlik törədicisi bibər bitkisinin gövdə və meyvələrini sirayətləndirir. Patogenin təsiri altında gövdənin daxili hissəsinin rəngi dəyişilir ki, bu da xəstəliyin ilkin simptomları hesab edilir. Bundan sonra gövdədə özəyin boşalması baş verir və bitki soluxur. Yoluxmuş sahələr böyüdükcə xəstəlik gövdə boyu yayılır və belə şəraitdə budaqlar sınırlar. Bəzi illərdə xəstəliyin təsiri nəticəsində yarpaqlarda nekroz və xloroz müşahidə edilir. Məhsul yığımından sonra çürümənin simptomları su ilə zəngin toxuma sahələrində basıq ləkələr formasında meyvənin ayaqcığa birləşdiyi yerdə meydana çıxır. Belə sahələr şəffaf və ya tünd rəngli olur, toxuma yumşalır, yoluxma yerləri getdikcə artır. Bu şəraitdə adətən epidermis
partlayır, azad olunan sulu yumşaq toxuma müşahidə edilir. Bu xəstəliyin törədiciləri olan bakteriyalar üçün optimal inkişaf temperaturu 25-260C, maksimum 45-480C, 500C-dən yuxarı temperaturda onlar məhv olurlar. Bitkiyə təbii yollar və mexaniki zədə yerlərindən daxil olan xəstəlik törədicisi maddələr mübadiləsinin pozulmasına səbəb olur. İnfeksiya toxumlarda və məhsul toplanışından sonrakı bitki qalıqlarında saxlanılır.Yağış zamanı su damcılarının ətrafa sıçrayışı bakteriyaların yarpaq və meyvələrə keçməsini asanlaşdırır. Meyvələrin yoluxması və onların əmtəəlik göstəricilərinin aşağı düşməsi ilə bibərin məhsuldarlığına ciddi zərər dəyir. Bəzi illərdə məhsul itkisi 20% və daha artıq ola bilir.
Mübarizə tədbirləri. Xəstəliyə qarşı davamlı sortlardan istifadə edilməli, toxum materialı yalnız sağlam bitkilərin meyvələrindən tədarük edilməli, səpindən əvvəl toxumlar dərmanlanmalı və bitkilərin bakterioza qarşı davamlılığını yüksəldən aqrotexniki kompleksə əməl edilməlidir. Xəstəliyin ilkin simptomları göründükdə tərkibində mis birləşmələri olan (1%-li bordo məhlulu, 0,3%-li mis-xloroksidi, 0,4%-li kuprozan) preparatlardan biri ilə çiləmə aparılır.
5.1.3.9. Bibərin bakterial ləkəlik xəstəliyi (Xanthomonascampestris pv. Vesicatoria)
Təsnifatda yeri. Qrammənfi aerob çubuqlar və kokklar bölməsi, Pseudomonaceae fəsiləsi, Xanthomonas cinsi Sinonimi: Xanthomonas axonopodis pv. Vesicatoria
Bioloji qrupu: Nekrotrof
Dünyanın müxtəlif isti rayonlarında qeydə alınan bu xəstəlik şirin bibər əkinləri üçün təhlükəli xarakter daşıyır.