Bu preparatların birindən hazırlanmış aldadıcı yem əkin sahəsinin hər hektarına 50-60 kq hesabı ilə verilib torpaq səthi malalanmalıdır.
Karate məhlulu az miqdarda suvarma suyu ilə axıdıldıqda qısa bir vaxtda istixanada olan bütün danadişi torpaq səthinə çıxaraq məhv olur.
5.2.1. Xiyar bitkisinin əsas zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri
Zərərvericilərdən xiyar bitkisində Azərbaycan Respublikasının bütün rayonlarında ən geniş yayılmış bostan mənənəsi, tor gənəciyi, istixanalarda sitrus ağcaqanadlısıdır.
Bostan mənənəsi. Bostan mənənəsi yetkin yaşda və süfrə halında müxtəlif bitkilərin və alaq otlarının altında qışlayır. Mənfi 10 dərəcə soyuğa davam gətirir. Mənənələr erkən yazda partenogenez (diri bala doğma) yolla çoxalır. Bir dişi fərd 40-a qədər diri bala doğa bilər. Mövsüm ərzində 20-yə qədər nəsil verir. Sərin (16-200C) rütubətli havada daha sürətlə çoxalır. İstilik 250C-dən yuxarı olduqda mənənənin inkişafı zəifləyir. Mənənə qısa müddətdə yarpaqların alt tərəfində iri koloniyalar əmələ gətirərək bitkinin hüceyrə şirəsini sorur. Nəticədə böyümə dayanır, yarpaqlar yanlardan alta doğru bükülərək, bitki zəifləyir. Şiddətli zədələmə nəticəsində bitki məhv olur. Mənənənin ifrazatı yapışqanlı şirə kimi bitki üzərinə tökülür. Ona görə də bu zərərvericini əksər rayonlarda «şirə» adlandırırlar.
Tor gənəciyi. Xiyar bitkisinə ciddi ziyan vurur. Mayalanmış dişi fərdlər xəzəl altında, bitki qalıqları, torpaq yarıqları və sair yerlərdə qışlayırlar. Qışlamış gənələr mart ayının ikinci yarısında alaq otları üzərində inkişafa başlayırlar. Dişilər yumurtanı yarpağın alt səthində gizləyir və bir dişi fərd 150-dən çox yumurta qoyur. 3-7 gündən sonra yumurtadan süfrələr nimfaya, sonra isə iri gənəciklərə çevrilirlər.
Temperatur 23-310C və havanın nisbi rütubəti 35-55% olduqda gənəcik daha yaxşı inkişaf edir. İstixanada 30, açıq sahədə isə 15-ə qədər nəsil verir. Bir nəsilin inkişafı 10-28 günə başa çatır. Azərbaycanda tor gənəciyi may ayının ikinci yarısında müşahidə edilir, iyunun axırlarından sentyabrın ortalarına qədər güclü inkişaf edib kütləvi surətdə çoxalır.
Gənəcik tərəfindən sorulmuş bitkidə əvvəlcə açıq rəngli nöqtələr əmələ gəlir, sonra bu nöqtələr böyüyüb bir-birinə bitişərək maddələr mübadiləsini pozur. Nəticədə bitkinin yarpaq, qönçə, çiçək və yumurtalıqları vaxtından qabaq tökülür, meyvələr xırda qalır və beləliklə məhsuldarlıq kəskin azalır.
Sitrus ağcaqanadlısı. Sitrus ağcaqanadlısı karantin zərərvericisidir, ən çox xiyar bitkisinə istixanalarda ziyan vurur. O, sirayətləndiyi bitkilərin şirəsini sorur, nəticədə isə bitki inkişafından qalır. Bundan başqa zərərvericinin ifrazatı üzərinə saprofit göbələklər əmələ gələcək yarpaqları örtür ki, bu da bitkilərdə gedən maddələr mübadiləsini pozur.
Sitrus ağcaqanadlısının dişi fərdləri yarpaqların altına hər biri 10-12 yumurtadan ibarət topalar qoyur. 6-7 günə süfrələr əmələ gəlirlər. Mühit amillərindən asılı olaraq süfrələrin inkişafı 25-30, nimfaların - 15 gün başa çatır. Bir dişi fərd 200-ə qədər yumurta qoyur. İldə 3-4 və daha çox nəsil verir.
Mübarizə tədbirləri. Əsasən növbəli əkin sisteminə əməl olunmasından, torpağın düzgün becərilməsindən, istixanaların dezinfeksiya edilməsindən ibarətdir.