Yığımın gecikdirilməsi nəticəsində meyvələr həddindən artıq iriləşir və qeyri standart vəziyyətə düşür. Meyvələr iriləşdikdə bitkinin tağları həddindən artıq gücsüzləşir, yarpaqlar saralmağa başlayır, bitki qocalır. Bütün bunların nəticəsində məhsuldarlıq 20-25% aşağı düşür və yığılan məhsulun keyfiyyəti pisləşir. Ona görə yığım çox tez-tez olmalıdır. Xiyar bitkisindən yuksək və keyfiyyətli, mövcud standartlara uyğun olan məhsul toplamaq üçün 3-4 gündən gec olmayaraq yığım keçirmək lazımdır. Hər yığımdan sonra sahə suvarılmalı, qulluq edilməli və yığıma bir gün qalmış suvarma dayandırılmalıdır. Xiyardan körpə və kornişon məhsul alma məqsədilə yığımın müddəti bir qədər də qısaldılmalıdır.
Yığım vaxtı mütləq keyfiyyət göstəricilərinə əməl edilməlidir. Meyvələr təzə, bütöv, sağlam, təmiz, mexaniki zədəsiz olmalıdır. Yığım üçün ən əlverişli vaxt səhərlər və axşamüstüdür.
Uzun illərin müşahidələri və tədqiqatları göstərir ki, yüksək məhsuldar sort və hibrid toxumlarından istifadə etməklə və aqrotexniki qaydaları düzgün həyata keçirməklə açıq sahənin hər hektarından 200-300 sentner, örtülü sahənin hər kv. m-dən 25-30 kq və daha çox məhsul əldə etmək olar.
İstixana şəraitində əksər xiyar sortlarının məhsulu kütləvi cücərmədən 55-65 gün sonra yığılmağa hazır olur. Meyvə normal iriliyə çatdıqda məhsulvermənin əvvəlində 2-3 gündən bir, sonralar isə günaşırı yığılmalıdır.
Becərilmə müddəti, sort və tətbiq olunan aqrotexnikanın səviyyəsindən asılı olaraq istixananın hər m2 sahəsindən 20-30 kq məhsul götürmək mümkündür.
Badımcan və bibər məhsulunun yığılması və qablaşdırılması- Badımcan məhsulunun yığımı texniki yetişkənlik dövründə aparılır. Məhsulun yığımını vaxtında aparmaq lazımdır ki, sonra meyvələrin yetişkənliyi ötür, daxildə toxumlar böyüyür, tərkibində olan qida maddələrində dəyişiklik gedir. Meyvələr 7-10 gündən bir yığılmalıdır. Yığıldıqdan sonra məhsul seçilib qablaşdırılır, istifadə məqsədindən asılı olaraq bazara satışa, emala və ya saxlamaq üçün istifadə olunur. Yığım zamanı məhsul meyvələrinin ölçü və formalarına görə seçilib qablaşdırılır. Belə ki, əmtəəlik üçün standarta uyğun olaraq badımcan meyvəsinin uzunluğu 13-16 sm, rəngi tünd, parıltılı, tikansız, zədəsiz olmalıdır. Emal üçün isə meyvənin ölçüsü nisbətən böyük (15-25sm) çox ətli olmalıdır. Yığım zamanı deformasiyaya uğramış, eybəcər, rəngi çox boz, standarta uyğun olmayan meyvələr çıxdaş edilir. Qablaşdırmaq üçün kauçuk məsamələri olan yeşiklərdən, salafan kisələrdən istifadə olunur.
Sortdan və becərilmə şəraitindən asılı olaraq bibər bitkisinin vegetasiya dövrü toxumun kütləvi çıxışından texniki yetişkənliyə qədər 120-130 gün, bioloji yetişkənlikdən isə 150-155 gün təşkil edir. Bibər məhsulunun yığımı mütəmadi olaraq aparılır. Yığıma 2-3 gün qalmış suvarma dayandırılmalı və yığımdan sonra torpağın nəmlik dərəcəsindən asılı olaraq suvarılmalıdır. Şirin bibər həm texniki, həm də bioloji yetişkənlik dövründə yığılır. Texniki yetişmənin vaxtını meyvələri yüngülcə sıxaraq divarlarının zəif çatlaması ilə təyin etmək olar. Acı bibər də texniki yetişkənlikdə yaşıl halda, bioloji yetişkənlikdə isə qızardıqda yığılır.
6.2. Meyvəli tərəvəz bitkilərinin saxlanması və emalı
Xiyarın saxlanması və emalı. Xiyar əsasən təzə halda istifadə olunur.