İstixanada becərilən xiyarın ümumi tələb etdiyi azot, fosfor və kaliumun bir-birinə olan nisbəti (N:P:K) orta hesabla 33,7:13,6:52,7 təşkil edir. Bu orta nisbət bitkinin inkişaf fazalarından aslı olaraq dəyişir. Ona görə də bitkilərin qidalanması onların mövcud inkiaşf fazasına uyğun olmalıdır. Xiyarın normal inkişafı üçün onun mikroelementlərlə də təmin olunması da zəruridir.
Xiyar çiçəkləmənin balanğıcında ən çox azota, sonra isə fosfora tələbat göstərir. Kütləvi çiçəkləmə dövründə isə yeni çiçəklərin əmələ gəlməsi və onların formalaşması üçün fosforla birlikdə ammonyak azotuna xiyar çox tələbkardır. Fosforla birlikdə kalium və bor ilə qidalandırma zamanı daha çox dişi çiçəklər əmələ gəlir. Barvermə dövrünün başlanğıcında meyvələrin böyüməsi üçün xiyar bitkisinin kalium və fosfora ehtiyacı çoxalır. Bu zaman xiyar bitkisinə həmin elementlərlə birlikdə qismən də azot verilməlidir.
1.2.2. Pomidor bitkisinin bioloji xüsusiyyətləri və torpaq-iqlim şəraitinə münasibəti
Pomidor bitkisinin botaniki təsnifatı
Fəsilə: Quşüzümü (Solanaceae L.)
Cins: Lucopersicum
Növ: Eskulentum Mill
Pomidor (Lucopersicum eskulentum Mill) quşüzümü fəsiləsinə daxil olub, Lucopersicum cinsinə aiddir, mədəni halda becərilən növü Eskulentum Mill (adi pomidor) adlanır və birillik bitkidir. Pomidor tropik mənşəli bitki olub, vətəni cənubi və mərkəzi Amerika ölkələridir.