Kalium pomidorun meyvələrinin dolmasını və yetişməsini sürətləndirir, onların əmtəəlik xüsusiyyətini yaxşılaşdırır. İlk inkişaf dövründə pomidor bitkisi qida maddələrinə az tələbat göstərir. Lakin intensiv böyümə və meyvə əmələ gəlmə dövründə pomidorun qida maddələrinə tələbi kəskin artır.
Müxtəlif sortlardan və becərilmə şəraitindən asılı olaraq istixanada becərilən pomidor 1 ton məhsulun əmələ gəlməsi üçün torpaqdan orta hesabla aşağıdakı miqdarda əsas qida maddələrini mənimsəyir.
1.2.3. Badımcan bitkisinin bioloji xüsusiyyətləri və torpaq-iqlim şəraitinə münasibəti
Badımcan bitkisinin botaniki təsnifatı:
Badımcan (Solanum melongena) badımcançiçəklilər və quşüzümü (Solanaceae) fəsiləsinə daxil olub, Quşüzümü (Solanum) cinsinə aiddir. Badımcan bitkisinin vətəni Orta Şərq, cənubi Asiya və Hindistan hesab olunur. Bu zonalarda badımcanın yabanı formaları geniş yayılmışdır. Badımcan birillik bitkidir, əlverişli şəraitdə çoxillik bitki kimi özünü göstərir.
Badımcanın bitkisinin morfoloji (quruluşu) xüsusiyyətləri:
Badımcan bitkisinin kolu yığcam olur (Şəkil 1.6). Gövdədə yarpaqlar növbə ilə düzülür. Yarpaq yumurtavarı və ya oval formalıdır və yaşıl rənglidir. Çiçəkləri iki cinsli olub, öz-özünə tozlanır. Çiçəklər tək-tək və ya dəstə halında gövdənin haçalanmalarında və ya bir başa üzərində iki buğum arasında yerləşir (Şəkil 1.8). Çiçək tacı bənövşəyi rəngdə olub, 5-7 ləçəkdən ibarətdir. Toz kisələri ikiyuvalı, uzundur. Meyvəsi giləmeyvədir, forması silindrik, armudvarı, qısa-armudvarı və kürə şəkilində olur. Yetişmiş meyvələri tünd bənövşəyi və bənövşəyi, qəhvəyi-bənövşəyi və s. rəngdə olur. Badımcanın 150-350 ədəd toxumunun kütləsi orta hesabla 1 q təşkil edir. Toxumun forması yastı olub, sarı və ya sarı-qonur rəngdədir. Badımcan mil kök sisteminə malikdir və çoxlu yan köklər əmələ gətirir.