Bibərin torpağa və qida maddələrinə təlabatı. Bibər strukturalı, münbit torpağa tələbkardır.
Bibər, yüngül, yaxşı havalanan, humusla zəngin torpaqlarda yaxşı bitir və yüksək məhsul verir. Bibər bitkisi üçün torpaq mühitinin optimal reaksiyası- pH 6-6,6 hesab olunur. Bibər ağır gilli və qrunt suları səthə yaxın torpaqlarda zəif inkişaf edir. Bibər torpağın yüksək turşuluğuna olduqca davamsızdır. Bibər bitkisinin növbəli əkinə münasibəti badımcana oxşardır.
Müxtəlif sortlardan və becərilmə şəraitindən asılı olaraq istixanada becərilən bibər 1 ton məhsulun əmələ gəlməsi üçün orta hesabla torpaqdan aşağıdakı miqdarda əsas qida maddələrini mənimsəyir.
Bibər bitkisi meyvə əmələ gəlmə fazasının başlanmasına qədər olan müddətdə fosfora daha çox tələbat göstərir. Bu dövrdə bitkinin kifayət qədər güclü kök sistemi olmur. Həmin vaxt bibərin fosfora olan ehtiyacı ödənildikdə, güclü kök sistemi formalaşır, bunun hesabına yerüstü hissə və xüsusilə də bar orqanları yaxşı inkişaf edir. Bibər çiçəkləməyə qədər olan dövrdə, həmçinin meyvə əmələgəlmə və yetişmə fazalarında azota daha çox tələbat göstərir. Bu dövrlərdə bibər azotla normal təmin olunmadıqda, bitkinin aşağı yarpaqları məhv olur. Bibər bitkisinin meyvə əmələgəlmənin başlanmasından yetişmənin sonuna qədər olan dövrdə kaliuma olan ehtiyacı daha çox artır. Digər tərəvəz bitkiləri kimi bibər də ümumi vegetasiya müddətində mikro elementlərə bərabər şəkildə təlabat göstərir.
Bibərin havanın nisbi rütubətinə münasibəti. İstixana şəraitində bibər bitkisi üçün havanın nisbi rütubəti 60-70 % hüdudunda saxlanılmalıdır. İstixanada quru hava şəraiti çiçəklərin tökülməsinə səbəb olur.
Bibərin işığa tələbatı. Bibər qısa gün bitkisi olmasına baxmayaraq, işığa tələbkar bitkidir. Cücərmədən vegetasiyanın sonuna qədər bibər kifayət qədər günəş işığı tələb edir. Gün ərzində işıqlı saatların miqdarı 14 saat olan şəraitdə yaxşı inkişaf edir və bol məhsul verir. İstixanada becərilən bibər işığa ən çox meyvə əmələgəlmə dövründə tələbat göstərir. Bu dövrdə bibər bitkisi üçün istixanada 5000 luks işıqlanma dərəcəsi yaradılmalıdır.
Bibərin istixana havasına münasibəti. Pomidor bitkisinə oxşardır.
1.3. Örtülü şəraitdə becərilən meyvəli tərəvəz bitkilərinin geniş yayılmış, satış qabiliyyətli sort və hibridləri, onların seçilməsi və qiymətləndirilməsi qaydaları
Əziz şagirdlər! Bu fikirləri yadda saxlayın: “Uğurlu tərəvəzçiliyin başlanğıcı şitildən deyil, toxumdan başlayır, perpektivli sort və hibridlərdən alınmış hər bir keyfiyyətli toxum isə az əmək sərf etməklə yüksək məhsulun qarantıdır”.