1.3.2. İstixanada, torpaqlı və torpaqsız (hidroponika və ya akvaponika) şəraitdə becərilən yerli və xarici xiyar sortları və hibridləri
Örtülü şəraitdə becərilən xiyarın sort və hibridləri meyvələrinin əmtəə xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Məsələn, xiyarın sort və hibridləri əmtəə xüsusiyyətlərinə görə qruplaşdırılarkən, meyvəsinin ölçüsünə görə qısa və uzun xiyarlara, meyvəsinin səthinə görə sığallı, kornişon (tikanlı, duza qoyulan) və zəif tikanlı xiyarlara bölünür. Bu şəkildə sayı çoxluq təşkil edən xiyarın hər bir sort və hibridi haqqında ayrıca təsvir vermək olduqca çətindir. Bu baxımdan modulda ölkəmizdə istixana şəraitində ən çox becərilən xiyarın sort və hibridləri haqqında məlumat verilmişdir (Cədvəl 1.3). Həmin sort və hibridlərin adları, onların əsas xüsusiyyətləri bir qədər yığcam və sistemləşdirilmiş şəkildə Cədvəl 1.2-də təsvir edilmişdir. Cədvəl 1.3-də qeyd olunan xiyarın sort və hibridlərinin müxtəlif qruplar (sığallı və tikanlı meyvələrə malik, isidilən və isdilməyən istixanalarda becərilən) üzrə əsas tipik nümayəndələri haqqında aşağıda qeyd olunmuşdur.
Picolino F1 hibridi (sığallı). Partenokarpik, tezyetişən yüksək məhsuldar, süfrə istiqamətli hibriddir. Qüvvətli kola malikdir və fəal yan zoğlar əmələ gətirə bilir. Buğumda 3-4 ədəd sığallı, 11-12 sm uzunluğunda meyvə formalaşdırır (Şəkil 1.18). Meyvələri əla keyfiyyətli, silindr formasında, tünd yaşıl, parlaqdır. Çox yüksək standard məhsul verir. Xəstəliklərə qarşı kompleks davamlılığı var. İsidilən (qız-yaz mövsümü) və isidilməyən istixanalarda (yaz-yay-payız mövsümü), torpaqda (qismən substratda-hidroponika) becərilir.
Corinto F1 hibridi (zəif sığallı-seyrək tikanlı). Partenokarpik, süfrə və emal istiqamətli, yüksək məhsuldarlıq potensialı olan yeni tezyetişən hibriddir. Orta intensivliklə yan zoğlar əmələ gətirən açıq tipli güclü kolu vardır. İsti şəraitdə əla meyvə formalaşdırır (Şəkil 1.19). Silindir formalı, seyrək tikanlı, tünd yaşıl meyvələrinin uzunluğu 20-22 sm. Hər buğumda 1-2 meyvə formalaşdırır. Meyvələrinin cəlbedici əmtəəlik görünüşü var, çox yaxşı saxlanılır və asan daşınılır.
Cedrik F1 hibridi (tikanlı). Partenokarpik, əsasən emal istiqamətli, çox tezyetişən hibriddir. Qısa yan zoğları, və inkişaf etmiş kök sistemi olan balanslaşmış açıq tipli güclü kolu vardır. Buğumda 2-4 meyvə formalaşdırır. Meyvələri tikanlı, silindir formalı, həmişə tünd yaşıl, zolaqsız və ya ağ ucluqsuz, uzunluğu 12-14 sm olur (Şəkil 1.20). Yığımı gecikdirəndə meyvələri boçkayabənzər olmurlar. Meyvələri son dərəcə uzun müddət saxlanır və gözəl daşınır. İsidilən (qız-yaz mövsümü) və isidilməyən şüşə və polietilen örtüklü istixanalarda becərilmək üçün və həmçinin açıq sahə üçün uyğundur. İsidilən istixanalarda ən erkən əkin üçün yararlıdır.