1.3.3. İstixanada, torpaqlı və torpaqsız (hidroponika və ya akvaponika) şəraitdə becərilən yerli və xarici pomidor sortları və hibridləri
Hazırda ölkəmizdə örtülü şəraitdə bir çox pomidorun sort və hibridləri becərilir. Bunların içərisində isə hibrid pomidorlar üstünlük təşkil edir. İstixanalarda becərilən pomidorun sort və hibridləri becərilmə şəraitlərinə (isidilən və isidilməyən istixanalarda, torpaqlı və hidroponika-substratda becərilən), meyvələrinin ölçüsünə, formasına, rənginə və digər göstəricilərinə görə bir-birindən fərqlənən müxtəlif qruplarda cəmlənmişdir. Sayı çoxluq təşkil edən pomidorun hər bir sort və hibridi haqqında ayrıca təsvir vermək olduqca çətindir. Bu baxımdan modulda ölkəmizdə istixana şəraitində ən çox becərilən pomidorun sort və hibridləri haqqında məlumat verilmişdir (Cədvəl 1.3). Həmin sort və hibridlərin adları, onların əsas xüsusiyyətləri bir qədər yığcam və sistemləşdirilmiş şəkildə Cədvəl 1.4-də təsvir edilmişdir. Cədvəl 1.4-də qeyd olunan pomidorun sort və hibridlərinin müxtəlif qruplar (iri, orta və xırda meyvəli, yastı-yumru və uzunsov-yumurtavarı formalı, qırmızı və ya digər rəngli pomidorlar) üzrə əsas tipik nümayəndələri haqqında aşağıda qeyd olunmuşdur.
Rally F1-iri meyvəli pomidor hibridi. Ölkəmizdə istixana şəraitində becərilən indeterminant pomidorlar arasında üstünlük təşkil edir. Çox tezyetişən, yüksək məhsuldar hibriddir. Qısa buğumaraları olan, güclü yarımaçıq tipli kola malikdir və sıxlaşdırılmış əkinə davamlıdır. Meyvələri yastı-yumuru formadadır və çəkisi 250-300 qramdır (Şəkil 1.21). Birinci salxımdakı meyvələri adətən daha böyük olur. Meyvələri əmtəəlik görünüşünü uzun müddət saxlayır və uzun məsafələrə daşınmaq üçün yararlıdır. Şüşə və polietilen örtüklü istixanalarda qısa vaxtda çox faraş yüksək keyfiyyətli məhsul almaq üçün tövsiyyə edilir. Həm torpaqda və həm də torpaqsız şəraitdə (hidroponikada-substratda) becərilir.
Annamay F1-kokteyl pomidor hibridi. Yastı-yumuru formalı, çatlamayan, lətli, bərk-dolğun meyvələrə malik, salxımda meyvələri kompakt düzülən, geniş əhatədə xəstəlik və zərərvericilərə qarşı davamlı, yüksək, güclü inkişaf edən hibriddir. Yayda isti şəraitdə və həmçinin qış aylarında zəif işıqlanma şəraitində yaxşı meyvə formalaşdırır.