Cücərdilmə zamanı bu amillərdən biri çatışmadıqda, toxumlar normal cücərməyəcək və ya az sayda toxum cücərəcək ki, bu da toxumun cücərmə qabiliyyətinin dəqiq müəyyən edilməsinə mane olacaq. Bu amillərdər içərisində hava və rütubəti şəraitini nizamlamaq asandır. Lakin daha həsas məsələ temperatur və bu temperaturda toxumların cücərmə müddətidir. Bu baxımdan toxumların cücərmə qabiliyyətini dəqiq müəyyən etmək üçün dövlət standartına əsasən cücərdilməyə qoyulmuş hər bir toxum üçün cücərmə müddəti və temperatur şəraiti qəbul edilmişdir. Meyvəli tərəvəz bitkilərinin toxumları daha zərif və xırda olduğu üçün onların cücərdilmə şəraitinə xüsusi diqqət yetirilməli və cədvəldə verilmiş standartlara uyğun şərait yaradılmalıdır.
Bitki | Toxumun cücərmə temperautu, 0C |
Toxumun cücərdilmə müddəti, gün |
Xiyar | 20-30 | 7 |
Pomidor | 20-30 | 10 |
Badımcan | 20-30 | 10 |
Bibər | 20-30 | 15 |
Cədvəl 2.2. Toxumların cücərmə qabiliyyətinin öyrənilməsi üçün tələb olunan şərait
Toxum qəbul edilmiş standart cücərdilmə müddətində tam cücərə bilər. Lakin bu hal toxumun tam keyfiyyətli olmasına dəlalət etmir. Bəzən toxumlar əlverişsiz mühit şəraitində uzun müddət torpaq altında qalmalı olur, cücərə bilmir, çürüyür və yalnız dolğun-iri, həyat qabiliyyətli toxumlar cücərməklə seyrək çıxış alınır. Bu baxımdan ən yaxşı hal toxumların qısa müddət ərzində cücərməsidir. Bu toxumun cücərmə enerjisinin göstəricisidr.
Toxumun cücərmə enerjisi onun çox hissəsinin qısa müddət ərzində (məsələn, 3-4 gün ərzində) cücərmə qabiliyyətidir. Fərz edək ki, iki ayrı-ayrı pomidor toxumunun nümunəsi vardır və 10 gün cücərdilmə müddətində onların hər ikisinin cücərmə qabiliyyəti 98 % təşkil etmişdir. Lakin bu toxumların hansının daha keyfiyyətli olmasını müəyyən etmək üçün onlar cücərmə enerjisinə görə qiymətləndirilir. Fərz edək ki, hər iki nümunə üzrə 100 ədəd pomidor toxumu götürülmüş, 3 gün ərzində 1-ci toxum nümunəsində 80 ədəd, 2-ci toxum nümunəsində isə 85 ədəd cücərən toxum müşahidə edilmişdir. Buradan aydın olur ki, götürülən toxum nümunələrinin 10 gün müddətində cücərmə qabiliyyətləri eyni olmalarına baxmayaraq, qısa müddət ərzində daha çox cücərti 2-ci toxum nümunəsindən alınmışdır və bu toxum daha keyfiyyətli hesab edilir. Çünki ,həmin toxumla səpin aparsaq, qısa vaxt ərzində daha çox çıxış alınacaq. Bu da toxumun torpaqda çox qalmaması və çürüməməsi üçün olduqca əhəmiyyətlidir.
2.5. Şitil yetişdirilməsi üsulları
Şitil dedikdə üzərində çiçək və meyvəsi olmayan, əkin materialı kimi becərilən cavan bitkilər başa düşülür. Toxumları kiçik olan əksər tərəvəz bitkiləri öz daimi yerinə şitil üsulu ilə əkilir. Çünki, xırda toxumlar birbaşa səpildikdə onlar torpağın dərin qatlarına düşür, kəltən altında qalır və digər əlverişsiz şəraitlərə məruz qalaraq cücərə bilmir.