- Şitilxanada torpaq və havanın temperaturu bir-birinə uyğun olaraq dəyişməlidir. Belə ki, şitilxanada torpağın temperaturu havanın temperaturundan gündüzlər 2-40C aşağı, axşamlar isə 2-40C yuxarı olmalıdır.
- Xiyar, pomidor, badımcan və bibər şitilləri işığa daha çox tələbkardırlar. Bu baxımdan şitilin normal inkişafı üçün fotosintetik aktiv radiasiyanın intensivliyi 1 dəqiqədə 0,84 coul/sm2 göstəricisindən aşağı olmamalıdır ki, bu rəqəm təxminən 15 min lüks işıqlanma dərəcəsinə bərabərdir. Lakin şitilxanada işıqlanma dərəcəsi ən azı pomidor, badımcan və bibər üçün 8-10 min lüks, xiyar üçün 5-6 min lüks təşkil etməlidir. Şitilxanada işıqlı saatların uzunluğunu qısa gün bitkiləri üçün 10-12 saata qədər azaltmaqla və uzun gün bitkiləri üçün 14 saata qədər artırmaqla şitillərini inkişafı sürətlənir və daha tez şitil almaq mümkün olur.
- Şitilxanada havanın rütubətini nizamlamaq üçün ventilyasiya aparılmalıdır. Şitillərin daimi yerinə köçürülməyə hazırlandığı 10-15 gün ərzində gündəlik havalandırma aparılır. Şitillər isidilməyən istixanalara (o cümlədən açıq sahələrə) köçürülərsə, bu zaman onları aşağı temperatur şəraitinə uyğunlaşdırmaq üçün havalandırma aparılır. Bu zaman torpaq səthindən 30 sm hündürlükdə havanın hərəkət sürəti 1-1,5 m/san olmalıdır.
Şəkil 2.3. İstixanada bitkilər üçün şəraitin nəzarətdə saxlanması
2.6.2. Şitil yetişdirilməsi üçün torpaq qarışığının (qrunt və ya substrat) hazırlanması
Şitil yetişdirilməsi üçün torpaq qarışığı dedikdə, tərkibində bir-birinə müəyyən nisbətdə qarışdırılmış torpaq, üzvü (peyin, kompost, torf və s.) və mineral gübrələr olan komponentlər başa düşülür. Belə ki, faiz nisbəti ilə münbit torpaq, mineral maddələr, o cümlədən torf, kompost, peyin çürüntüsü, ağac ovuntusu və s. bir birinə qarışdırılır.