2.6.6. Meyvəli tərəvəz bitkilərinin toxumunun səpin qaydaları
Toxumlar şitilliyə müvafiq səpin sxemi üzrə səpilir. Xiyar, pomidor, badımcan və bibər şitillərinin yetişdirilməsi üçün müxtəlif səpin sxemləri vardır. Toxumların səpin sxemləri bitkidən və şitilin yaşından (yetişdirilmə müddəti) asılı olaraq dəyişir. Aşağıdakı cədvəldə şitillərin yetişdirilmə müddətindən asılı olaraq meyvəli tərəvəz bitkilərinin toxumlarının optimal səpin sxemi, səpin norması və vahid sahədən şitil çıxımı təsvir edilmişdir.
Şitillər | Şitilin yaşı, gün | Qida sahəsi, sm | Toxum
sərfiyyatı, qram/1 m2 |
Şitil çıxımı,
ədəd/m2 |
Pomidor | 35-40 | 5x5 | 2-2,5 | 350 |
40-50 | 6x6 | 1,5-2 | 250 | |
55-60 | 8x8 | 1-1,5 | 150 | |
Xiyar | 20-22 | 6x6 | 4-5 | 245 |
25-28 | 8x8 | 3-4 | 150 | |
Badımcan | 55-60 | 6x6 | 3 | 170 |
Bibər | 55-60 | 5x5 | 4-5 | 150-1 0 |
Cədvəl 2.4. Şitil üçün toxumların optimal səpin sxemi, səpin norması və vahid sahədən şitil çıxımı
Meyvəli tərəvəz bitkilərinin toxumları qeyd olunan səpin sxemlərinə uyğun olaraq aşağıdakı qaydada şitilliyə əkilir.
Ləklərdə səpin. Düzəldilmiş ləklərdə səpin sxemində göstərilən cərgəarası məsafəyə uyğun olaraq bir-birindən aralı 1-1,5 sm dərinlikdə cızlar açılır. Səpin sxemində göstərilən bitkiarası məsafəyə uyğun olaraq cərgədə bir-birindən aralı toxumlar qoyulur və üzəri yumşaq, qidalı torpaq qarışığı ilə örtülür. Şitil üçün hazırlanmış ləklərə pomidor, badımcan və bibər toxumları 0,5-1 sm, xiyar toxumu isə 2-2,5 sm dərinlikdə səpilir. Qeyd olunan qaydalara misal olaraq 6x6 sm sxem üzrə pomidor toxumu belə səpilir: düzəldilmiş ləklərdə bir-birindən 6 sm aralı 1-1,5 sm dərinlikdə cızlar açılır, cızda bir-birində 6 sm aralı olmaqla 1 və ya iki toxum qoyulur və cızın üzəri qidalı, yumşaq torpaq qarışığı ilə örtülür və suvarılır.
Qidalı dipçəyə səpin. Qidalı dipçəklərin üst hissəsində pomidor, badımcan və bibər toxumları üçün 0,5-1 sm, xiyar toxumu üçün 2-2,5 sm boş yer qoyulur və substratla doldurulur (Şəkil 2.11). Sonra toxumlar əkilir və toxumun üstü yumşaq qidalı substratla örtülür (dipçəyin səthinə qədər) və suvarılır.