Son vaxtlar kombinə edilmiş aqreqatlardan istifadə etməklə torpağın səpinə hazırlanması (kultivasiya, hamarlama və tapanlama) səpinlə eyni vaxtda aparılır (Şəkil 3.6).
Səpindən sonra torpağın becərilməsi, cücərtilər alınana qədər vərdənələmə və yumşaltma aparmaqdan ibarətdir.
Torpağın vegetasiya becərmələri torpaq-iqlim şəraitindən və bitkilərin bioloji xüsusiyyətlərindən asılı olaraq, müxtəlif qayda və üsullarla yerinə yetirilir.
Başdan-başa səpilən yazlıq tərəvəz (yarpağı yeyilən) əkinlərində torpağın becərilməsi, əsasən səpindən cücərtilər alınana qədər aparılır. Bu müddətdə torpaq həddindən artıq yumşaq olduqda, torpağın bərk fazası ilə toxum arasında əlaqə yaratmaq və nəmliyin itirilməsinin qarşısını almaq üçün, tapanlama (vərdənələmə) aparmaq lazımdır.
Strukturasız (az münbit) şorakət torpaqlarda səpindən sonrakı yağmurların təsiri ilə güclü qaysaq əmələ gəlir. Qaysaq əmələ gələn sahələrdə cücərtilərin alınması çətinləşir, torpağın su-hava və qida rejimləri pisləşir və mikroorqanizmlərin fəaliyyəti zəifləyir. Ona görə də, cücərtilər alınana qədər torpaq dişli və torlu malalardan və rotasiya toxalarından istifadə etməklə becərilir və qaysaq yumşaldılır.
Başdan-başa səpilən yazlıq tərəvəz əkinlərində cücərtilər alınana qədər və cücərtilər alındıqdan sonra sahədə alaq bitkiləri kütləvi surətdə müşahidə edildikdə, torpağı ziq-zaq mala ilə becərmək lazımdır. Cücərtilər alındıqdan sonra sahənin malalanması səpinə köndələn istiqamətdə aparılmalıdır.
Tərəvəz əkinlərində seyrəklik müşahidə olunduqda, sahə malalanaraq torpaq yumşaldılır və normal bitgi sıxlığı əldə etmək üçün səpin (təmir) aparılır.
Payızda başdan-başa əkilən tərəvəz sahələrində, səpindən cücərtilərin alınmasına qədər torpağın becərilməsi, eyni üsulla səpilən yazlıq bitki əkinlərində olduğu kimi aparılır.
Cərgəarası becərilən tərəvəz (kələm və kökmeyvəsi yeyilən) əkinlərində torpaq daha intensiv becərilir. Səpindən cücərtilərin alınmasına qədər olan müddətdə sahənin vəziyyətindən asılı olaraq, torpağı kipləşdirmək və ya yumşaltmaq üçün vərdənələrdən və yaxud yüngül malalardan istifadə olunur.
Vegetasiya müddətində cərgəaralarının müntəzəm yumşaldılması, bu qrupa aid olan bitkilərin becərildiyi sahələrdə atmosfer çöküntülərinin torpağa asan hopmasına əlverişli şərait yaradır.
Cərgəarası becərilən bitki sahələrində cücərtilərin əmələ gəldiyi ilk dövrlərdə seyrəldici aqreqatlardan istifadə etməklə seyrəltmə aparılır. Bu zaman artıq mədəni bitkilərlə bərabər alaq otları da kəsilir və torpaq qismən yumşaldılır.