Yağışyağdırma üsulu ilə suvarmada sahəyə axıdılmış su xüsusi maşın, qurğu və aparatlar vasitəsilə yağış şəklində sahəyə verilir (Şəkil 4.3). Nəticədə həm torpağın çatışmayan nəmliyi bərpa edilir, həm də yer səthində əlverişli mikroiqlim yaranır. Damcılarla suvarma üsulunda su kiçik diametrli boru kəmərləri üzərində quraşdırılmış az sərfli xüsusi damcıladıcılar vasitəsilə fasiləsiz olaraq bilavasitə bitkinin kök sisteminə verilir (Şəkil 4.4). Əllə suvarma dəmyə torpaqlarda toxumun cücərməsi üçün, şitil əkərkən, xüsusilə həyətyanı sahələrdə səbzə tərəvə bitkilərinin suvarılmasında istifadə edilir (Şəkil 4.5.). Şırım üsulu ilə (öz axını) suvarmada torpağın 40-50 sm qalınlıqda qatı islanır və hər dəfə suvarmada bir hektar sahəyə 200-700 m3 su verilir. Maillik 0,002-dən az olduqda uzunluğu 40-60 m, dərinliyi 18-25 sm olan ucu bağlı şırımlarla, maillik çox olduqda və yüngül torpaqda isə dərinliyi 12-16 sm olan axıdıcı uzun şırımlarla suvarmaq lazımdır. Kökümeyvəlilər, cərgəvi üsulla becərilən səbzə və çoxillik yarpaqlı tərəvəz bitkiləri şırım üsulu ilə suvarılır. Süni yağış yağdırma üsulu bütün tərəvəzçilik bölgələrində tətbiq edilə bilir. Yarpaqlı tərəvəz bitkiləri, xüsusilə səbzə tərəvəzlər, kələm və şitil əkinində, haeblə relyefi düz olmayan sahələrdə, qumlu yerlərdə süni yağış yağdırma ilə suvarma daha vacibdir. Bu üsulda həm hava, həm də torpaq bərabər islanaraq, su torpağın 40-50 sm dərinliyinə qədər nəmləndirir. Onu da qeyd edək ki, yağışın intensivliyi torpaq tipindən asılı olaraq 0,5-1,5 mm/saniyə ola bilər. |