Torpaq məhlulunun yüksək turşuluğu köklərin böyüməsini zəiflətdiyi üçün bitkilərin torpaqdakı qida maddələrindən istifadə etməsi pisləşir. Ona görə də bitkilərindən yüksək və sabit məhsul almaq və verilən gübrələrin effektliyini artırmaq üçün turş torpaqlara əhəng verilməlidir. Əhəngin verilməsi nəticəsində torpaqdakı bakteriyaların həyat fəaliyyəti yüksəlir, fosfor, kalium və mikroelementlərin müxtəlif birləşmələri daha yaxşı mənimsənilən formaya keçir.
Əhəng verildikdən sonra mühitdə əlverişli reaksiya birdən-birə əmələ gəlmir. Buna görə əhəngin təsiri tədricən özünü göstərir və əhəng verildikdən sonra ildən-ilə artır. Tam təsir ikinci və ya üçüncü ildə müşahidə olunur. Torpağın turşuluğundan asılı olaraq hər hektara 1 tondan 6 tona qədər əhəng verilir. Əhəng payızda dondurma şumu altına və ya yazda verilir. Turş torpaqlarda üzvi, mineral gübrələrin və əhəngin birlikdə verilməsi kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul alınmasına kömək edir. Ümumiyyətlə, torpağa əhəng verilməsi turş torpaqların kökündən yaxşılaşdırılması və onlan münbitliyinin yüksəldilməsində çox mühüm tədbir hesab olunur.
Torpaq məhlulunun qələvi reaksiyası uducu kompleksdə böyük miqdarda natrium olması ilə xarakterizə olunur. Belə torpaqlara şorakət torpaqlar deyilir. Şorakət torpaqların su-hava rejimi çox pis olur. Bu torpaqlarda qələvilik yüksək dərəcədə olub, bitkinin inkişafına çox ziyan vurur.
Şorakət torpaqlara gips verildikdə natrium kalsiumla əvəz olunur. Şorakət torpaqların yaxşılaşdırılmasında ən səmərəli üsul aqrotexniki qaydalara riayət olunması, üzvi və mineral gübrələrin verilməsi, suvarma və digər aqrotexniki tədbirlərlə yanaşı, torpağın gipslənməsidir. Tədqiqatlarla müəyyən edilmişdir ki, üzvi və mineral gübrələr verilən zaman şorakət torpaqların gipslənməsinin effektliyi xeyli yüksəlir.
Mühit reaksiyası (pH) torpağın əsas xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
pH 4,0-5,0. Kəskin turş mühit reaksiyası. Tez-tez rütubətli iqlim şəraitində rast gəlir, podzollu və bataqlıq torpaqları, sarıtorpaq və podzollu-qırmızı və digər torpaqlar üçün səciyyəvidir. Bu torpaqlar əhəngdən, həmçinin kalium, kükürd, bor, sink, kobalt və yod birləşmələrindən güclü dərəcədə yuyulmuşdur.
pH 5,0-6,0. Güclü turş mühit reaksiyası. Rütubətli iqlim şəraiti torpaqları üçün (podzollu, çimli-podzollu, qonur meşə, sarıtorpaqlar və qırmızı torpaqlar) səciyyəvidir. Fosfatların, dəmir, alüminium, manqan, kalsium, kalium, bor, kobalt və yod birləşləşmələrinin vəziyyəti kəskin turş şəraitə uyğunlaşmışdır. Belə pH-a malik torpaqlar üçün gillicəli və xüsusilə də gilli qranulometrik tərkibdə fiziki xüsusiyyətlərin pis olması və kipləşməyə meyillik səciyyəvidir.