Turp ağ kəpənəyi (Pierisrapae L). Yetkin kəpənək kələm ağ kəpənəyinə oxşardır, ancaq ondan kiçikdir (40 mm). Yumurtası çəlləkvaridir, açıq sarımtıl rəngdədir. Tırtıllar yaşılımtıl rəngdədir. Zərərverici pup halında quru çöplər üzərində qışlayır (Şəkil 5.33). Dişi fərd yumurtasını yarpağın alt və üst səthinə tək-tək qoyur. Yumurtanın embrional inkişafı 5-10 gündür. Tırtılın inkişafı 20-30 gündə başa çatır. ildə 4-5 nəsil verir. Zərərvericinin fəaliyyəti nəticəsində məhsulun kəmiyyəti azalır, əksər halda zədələnmiş kələm başı çürüyür və onu uzun müddət saxlamaq olmur.
Mübarizə tədbirləri
Kələm ağ kəpənəyinə qarşı aparılan mübarizə tədbirləri bu zərərvericiyə qarşı da tətbiq edilə bilər.
Kələm milçəyi (Delia brassiae Bouch). Əsasən 2 növ - yaz (Delia brassicae B) və yay milçəklərinə (Delia floralis Fall) təsadüf edilir. Yaz kələm milçəyi xarici görnüşünə görə ev milçəyinə oxşayır. Erkəyi kül rəngdədir. Yay kələm milçəyi, yaz kələm milçəyindən iri olmaqla bədəni boz-sarı, qanadları sarımtıl rəngdədir. Xarici görnüşünə görə fərqlənən bu milçəklərin həyat tərzi təxminən eynidir. Kələm milçəkləri yalançı barama içərisində torpağın 3-20 sm dərinliyində qışlayır. Qışlamadan çıxan dişi fərdlər torpağa yumurta qoymağa başlayır. Rüşeymin inkişafı 5-10 gündə başa çatır. Sürfələr kələmin kökü ilə qidalanır. Sürfənin inkişafı 3-4 həftə çəkir və onlar torpağa keçib puplaşır. Neçə nəsil verməsi müəyyən edilməyib.
Mübarizə tədbirləri
• Dondurma şumu aparılmalı və alaq otları məhv edilməlidir.