Bioperaparatlar. Tərəvəz bitkilərinin bir çox xəstəliklərinə qarşı mübarizə məqsədilə biopreparatlardan istifadə olunur. Tərkibində baccilius subtillis, pseudomonas fluorescens bakteriyaları, Trichoderma lignorum göbələyi olan biopreparatlar toxumların dərmanlanmasında və kökdən yemləmə şəklində istifadə edilir. Trichoderma lignorum göbələyi 60 növ xəstəlik törədən göbələklərə qarşı mübarizə məqsədilə tətbiq edilir. Tərəvəzçilikdə zərərverici həşəratlara qarşı tərkibində bir çox mikroorqanizmlər olan biopreparatlar geniş tətbiq edilir (Nematofagin, Vertisillin, Boverin, Aktofıt. Pentafaq - J, Planriz, Qaupsin, Bitoksibatsillin, Lepidotsid, Bakteriodentisid).
Tərkibində bir çox zərərverici həşəratlara, xüsusən, sovkaya qarşı parazit mikroorqanizmlər olan biopreparat bitoksibasilin hesab olunur (sərfiyyat norması 3-4 kq/ha). Mənənəyə qarşı tərkibində Bacillus thuringiensis bakteriyası olan biopreparatlardan istifadə olunur. Bacillus thuringiensis əksər zərərvericilərin paraziti hesab olunmaqla onların həzm orqanlarını məhv edərək öldürücü təsir göstərir. Arthrobotris оligospora göbələyi nematodla mübarizədə istifadə edilir.
Fitofaqlar. Bioloji mübarizədə tüfeyli və yırtıcı həşəratdan, həşəratla qidalanan yırtıcı quşlardan və ev toyuqlarından istifadə edilir (Şəkil 5.36).
Tüfeyli həşəratlar. Kənd təsərrüfatı bitkiləri zərərvericilərinin məhv edilməsində tüfeyli həşəratların böyük rolu vardır (Trixoqrama, Enkarziya, Afıdius, Qallitsa afidimiza, Noeseyulyus və Fitoseyulus).
Zərərvericilərə qarşı mübarizədə tüfeylilərdən istifadə edilməsi o zaman yaxşı fayda verir ki, təbiətdə tüfeylilərin həyat fəaliyyəti üçün əlverişli şərait olsun. Bunu nəzərə alıb ilk növbədə zərərvericilər əleyhinə yerli tüfeylilərdən istifadə edilməlidir.