Bu bölmə daxilində C4 snfinə tərəvəz bitkiləri aiddir.
Standartların tələbinə müvafiq olaraq tərəvəzləri əmtəə emalından keçirirlər. Emaldan keçirilmiş məhsuldan keyfiyyətcə eynicinsli partiyalar düzəldilir və həmin məhsullar müvafiq optimal şəraitdə saxlanılır. Tərəvəz bitkilərinin əmtəə emalı tədarük məntəqələrində tərəvəzçilik təsərrüfatlarında, meyvə-tərəvəz ticarəti bazalarında, soyuducu kameralarda və həmçinin satışqabağı pərakəndə ticarət müəssisələrində aparılır. Həmçinin əmtəə emalı onların keyfiyyətinə və ölçüsünə görə çeşidlənməsindən, qablaşdırılmasından ibarətdir. Satışa hazırladıqda əlavə olaraq kökümeyvəlilər yuyulur.
Tərəvəzin əsas əmtəə göstəricilərinə onların xarici görünüşü (forması, rəngi, təzəliyi, yetişməsi, səthinin vəziyyəti), iriliyi (ölçüsü və ya kütləsi), yol verilən qüsurları (zədələnmənin növü və dərəcəsi) və xəstəlikləri (bakterial, göbələk, fizioloji), həmçinin emalın xarakteri aid edilir. Ümumi göstəricilərlə yanaşı, bir çox tərəvəz məhsulları üçün xüsusi göstəricilər də nəzərə alınır. Məsələn, çuğundur və müxtəlif turplar üçün kütlə və daxili quruluş; ağbaş kələmin sıxlığı və səthinin təmizliyi və s.
Forma - tərəvəzin sort əlamətlərindən asılı olaraq, onların botaniki sortunun müəyyənləşdirilməsinə imkan verir. Tərəvəzin forması müvafiq botaniki sort üçün tipik olmalıdır. Forması düzgün olmayanların əmtəə keyfiyyəti aşağı hesab edilir, onlar daşınma və saxlanılmağa yaramır. Xörək çuğunduru və yerkökü düz və qeyri-düz formada (hamar və kələ-kötür) ola bilər, lakin eybəcər olmamalıdır. 2-ci əmtəə sortuna aid edilən xörək çuğunduru, qırmızıbaş və ağbaş kələm üçün standartda forma normalaşdırılmır.
Rəng - tərəvəzin sortuna müvafiq, normal və yığılma yetişkənliyi dövrü üçün tipik olmalıdır. Ağbaş v ə gül kələm ağ, xörək çuğundurun ətliyi tünd qırmızı rəngdə olmalıdır.
Təzəlik - tərəvəzlərin kimyəvi tərkibi, suyun normallığı, toxumların vəziyyəti ilə bağlıdır. Bəzi tərəvəzlər üçün bürüşmüş məhsulun miqdarı standart üzrə normalaşdırılır. Səthinin vəziyyəti (quru, təmiz) bir çox tərəvəzlər üçün nəzərə alınan göstəricidir. Tərəvəzin səthində su damlalarının olması fitopatogen mikroorqanizmlərin inkişafını asanlaşdırır. Ona görə də tərəvəzlərin səthi quru olmalıdır. Tərəvəzlər üçün səthin təmiz olması da nəzərə alınır. Kələmin səthi təmiz olmalıdır. Kökümeyvəlilər üçün çirklənmə dərəcəsi müəyyən edilir. Məsələn kökünün səthinə yapışmış torpağın miqdarı ümumi məhsulun 1%-dən çox olmamalıdır.
Daxili quruluş - keyfiyyət göstəricisi kimi çuğundur, turp və başqa tərəvəzlərin sortlaşdırılması zamanı nəzərə alınır. Daxili quruluş müəyyən edilərkən lətinin yetişməsinə, şirəliyinə, rənginə, boşluğun olmasına, kobudluq və zərifliyə, fikir verilir.
İrilik (həcm) - tərəvəzlərin ən böyük en kəsiyinin diametrinə və ya kütləyə görə müəyyən edilir. Ağbaş kələmin (0,3-0,8 kq-dan az olmamalı) və qırmızı baş kələmin (0,6kq) bir başın çəkisi, eləcə də sıxlığı (saxlanılmağa davamlılığı üçün) nəzərə alınır. Əksər tərəvəzlər üçün ən qısa və ən uzun diametr müəyyən edilir. Məsələn, xörək çuğundurunda bu göstəricilər ən azı 5 və ən çoxu 14 sm, yerkökündə 2,5 və 6,0 sm ola bilər. Ölçüyə görə çeşidləmə məhsulun qablaşdırılmasını asanlaşdırır.