|
Keşniş birillik səbzə tərəvəz qrupuna aid olub, əhalinin gündəlik qidalanmasında vacib əhəmiyyət kəsb edir. Bu bitki demək olar ki, respublikanın bütün bölgələrinin həyətyanı sahələrində həvəslə becərilir. Bitki tezyetişən olduğundan (30-40 günə yeyilməyə yararlı olur) onları sıxlaşdırıcı bitki kimi də becərmək olar.
Əsasən iki növü adi keşniş və çöl (dağ) keşnişi, Azərbaycanda becərilir.
Keşniş bitkisinin tərkibində insan orqanizmi üçün faydalı olan bir sıra vitaminlər və mineral birləşmələr vardır. Yarpaqlarında C vitamini 67 mq%, A provitamini 10 mq%-dək, rutin 145 mq%, B1 və B2 vitaminləri, yaşıl hissələrdə və toxumunda isə 2%-dək efir yağları vardır.
Keşnişin vətəni Yaxın Şərq ölkələri, o cümlədən Azərbaycandır.
Botaniki təsviri və sort seçmə meyyarları. Keşniş bitkisi mil kök sisteminə malik olmaqla, torpağın dərininə işləyir və rəngi ağdır. Çoxlu saçaqlı köklər əmələ gətirir ki, bitkinin qidalanması asanlaşır.
Formalarına görə sıx çətirli, orta çətirli, seyrək çətirli, kolu yığcam, dağınıq, sərilən, toxumu asan və çətin tökülən olur. Keşniş bitkisi bir-birinə yaxın sıx, lakin növbə ilə düzülmüş yarpaq qrupları əmələ gətirir. Yarpaq qrupu 5-20 yarpaqdan ibarətdir. Tez yetişən sortları zəif, gec yetişənləri isə qüvvəli yarpaqlar əmələ gətirir. Yarpağın rəngi açıq yaşıl, bənövşəyi yaşıl, parlaq, tüksüz, tam kənarlı və üç pəncəlidir (Şəkil 1.11). Gövdənin aşağısındakı yarpaqların ayası ikiqat lələkvari, orta və yuxarı hissəciklər xətvari bölgülüdür.
Gövdəsi düzdurandır, yumuru formada, qabırğalı, tüksüz, yuxarıdan şaxələnəndir.