|
Tərxun çoxillik ətirli tərəvəz bitkisidir. Onun cavan zoğ və yarpaqları bir çox qiymətli qida və müalicəvi maddələr ilə zəngindir. Yeyinti məqsədi ilə yerüstü hissələrindən istifadə edilir. Tərxunun xoş tamı vardır. Tərkibində efir yağları olduğundan ondan təzə və qurudulmuş şəkildə məişətdə geniş istifadə edilir. Təzə tərxunda 0,1-0,5%, qurudulmuşunda isə 0,2-0,8% efir yağı vardır.
Yabanı halda tərxun Sibirdə, Qazaxıstanda və Zaqafqaziyada, mədəni bitki kimi isə İran, Ərəbistan, Kiçik Asiya və Azərbaycanda formalaşmışdır.
Botaniki təsviri və sort seçmə meyyarları. Yerüstü hissəsi kolşəkillidir, düz qalxan gövdəsinin hündürlüyü 0,8 m-dən 1,5 m-ə qədər olur, zoğları yaşıl və qırmızımtıl-yaşıldır.
Kök sistemi kökümsov gövdədən və saçaqlı köklərdən ibarət olmaqla, torpağın 30-40 sm dərinliyində yerləşir. Kök boğazında boy tumurcuqları olur.
Yarpaqları ensiz, xətvarı-lansetvarı, damarlıdır (Şəkil 1.52).
Çiçəkləri xırda, sarımtıl rəngli olub, budaqların uclarındakı səbətcikdə yerləşirlər (Şəkil 1.53). Toxumları çox xırda və qara rənglidir. Tərxunun becərilən növ və sortlarının çoxu toxum yetişdirə bilmir. Toxum yetişdirənlər isə çox xırda, cücərmə enerjisi və cücərmə qabiliyyəti zəif olan toxum verirlər.
Ona görə tərxunu əsasən vegetativ hissələri (kökümsov gövdələr, bölünmüş kol hissələri və çiliklərlə) ilə çoxaldırlar.