Özəyi (gövdəsi) ömrünün ikinci ilində əmələ gəlir, çılpaq, şırımlı şaxələnən olub, hündürlüyü 30-100 sm-ə çatır. Hündürlük 30 sm olduqda qısa, 30-50 sm uzun, 50 sm-dən çox olduqda isə çox uzun hesab edilir. Yarpaq saplağı uzun, daxili tərəfdən novçalı, içi boş və bəzən enli, içi doludur. Yarpaq qrupu düzünə böyüyən, yarı dağınıq və dağınıq olur. Yarpaq ayası üç pəncəli, üst üzü parlaq, rəngi açıq-yaşıldan tünd-yaşıla qədər dəyişir (Şəkil 1.75). Yarpağın miqdarı 25-ə qədər olduqda az, 25-50 ədəd olduqda orta, 50-100 ədəd olduqda çox, 100-dən çox olduqda isə lap çox kimi qiymətləndirilir. Çiçək qrupu xırda çətirdir. Çətirlər mürəkkəb, 6-20 şüalı, çılpaqdır (örtüksüzdür). Çiçəklər xırda, ağ, 5 ləçəkli, qısa saplaqlı, ləçəkləri ağ, sarımtıldır (Şəkil 1.76). Meyvələri çılpaq, açılan meyvədir, demək olar ki, yumru, xırda, 1,5-2mm-dir. Boz-qonur rəngdədir. Kökümeyvənin çəkisi az- 200 qrama qədər, orta- 200-300 qram, iri 300-400 qram, çox iri isə 400 qramdan artıq olur. Bioloji xüsusiyyətləri. Kərəvizin başlıca bioloji xüsusiyyəti onun ikiillik və çoxillik olmaq xüsusiyyətidir. Adətən 1-ci vegetasiya ilində iri yarpaq qrupu, bəzi formalarda kökümeyvə, bəzisində iri, lətli yarpaq saplağı əmələ gətirir. Qışı aşağı temperaturda (+20 +6°C) keçirdikdən sonra ikinci vegetasiya ilində özəkləyib toxum verir və yerüstü һissə quruyur. Lakin kərəvizin yerüstü hissəsi tez-tez biçildikdə o çoxillik səbzə bitkisinə çevrilir, özəkləməyə imkan tapmır. Sort və hibridləri. Kərəvizin yarpaq, kökümeyvəli və saplaq formasının hər biri ayrıldıqda sortlara malikdir. Azərbaycanda əsas yarpaq məhsulu verən yerli formalar becərilir, onların hansı sortlara aid olduğu bilinmir. Onlar içərisində orta yetişən Delikates və tez yetişən Uzun utah sortları geniş becərilir. |