Açıq üsulla saxlamada toxumlar hava və nəmliyi asan buraxan bir və ya ikiqat kətan və ya kəndir kisələrdə qablaşdırılır.
Bağlı üsulda toxumlar nəmliyi buraxmayan qablara yerləşdirilir (Şəkil 2.17). Bu məqsədlə içəri qatı polietilen pərdə olan parça kisələr və ya polietilen konteynerlərdən (qutulardan) istifadə olunması məsləhət görülür. Polietilen pərdə toxumlar üçün zərərli deyil, fizioloji və kimyəvi davamlı olub, iysizdir və kif göbələklərinin təsirinə məruz qalmırlar. Onlar praktik olaraq su və buxar keçirmir, oksigen və karbon qazını isə buraxırlar.
Toxumların bağlı üsulla saxlanması çox səmərəlidir. Soğan toxumları 5 il saxlanandan sonra kətan kisələrdə 26%, polietilenlərdə isə 81% cücərmə qabiliyyətini saxlamışlar. İstehsalat şəraitində bağlı üsulla saxlanılan və nəmliyi 5.8% olan yerkökü, 6.5%-li soğan, 6,1%-li şüyüd, 5.5%-li turp toxumları 10 il ərzində cücərmə qabiliyyətini saxlamışlar. İspanaq toxumlarını 3 ildən artıq saxlandıqda alınan bitkilərdə dişi çiçəklərin miqdarı artmışdır.
Toxumların bağlı (hermetik) üsulla saxlanmasında havanın və toxumun nəmliyi arasında daimi rejim yaranır.
Uzun müddət saxlamaq üçün nəzərdə tutulan turp toxumlarının nəmliyi 6% -ə yaxın, anbarlarda havanın rütubəti isə 65% olmalıdır. Toxumların nəmliyi yüksək olarsa, onların saxlandığı yerin temperaturu aşağı olmalıdır. Yerkökü toxumları anbar şəraitində cücərmə qabiliyyətini 4-5 il saxlayır. Bu toxumları uzun müddət saxlamaq üçün onların nəmliyi 8%, anbarda havanın rütubəti 55%-dən aşağı olmalıdır.
Cəfəri toxumları lazımi səviyyədə saxlandıqda cücərmə qabiliyyətini 2-3 il saxlaya bilər. Anbar şəraitində cəfəri toxumları 5 il müddətində cücərmə qabiliyyətini saxlayır. Cəfəri toxumlarını uzun müddət saxlamaq üçün onların nəmliyi 7-8%, saxlandığı yerin havasının rütubəti isə 55%- dən yüksək olmamalıdır.
Kərəviz toxumları cücərmə qabiliyyətini saxlama üsulu və şəraitindən asılı olaraq 3-6 il qoruya bilər. Saxlamaya qoyulan toxumların nəmliyi 10%, anbarın havasının rütubəti isə 55%-ə qədər olmalıdır.
Çuğundurun toxumu düzgün saxlandıqda hətta 10 ilə qədər cücərmə qabiliyyətini saxlaya bilər. Toxumlar böyük uducu səthə malik olduqlarından, onlar asnlıqla havanın su buxarlarını udaraq nəmlənirlər. Ona görə də nəmliyin yüksəlməsi nəticəsində toxumlar yana bilərlər. Çuğundurun toxumlarını 50 sm-dən artıq qalınlıqda saxlamaq olmaz. Uzun müddət saxlamaq üçün çuğundur toxumlarının nəmliyi 10-15, anbarda havanın rütubəti 65%-dən yüksək olmamalıdır.