1.3. İnsan fiqurunu çəkir
► Siluet
Əgər həcmli formanı müstəviyə proyeksiya etsək, onun siluetini ala bilərik. Başqa sözlə, siluet predmetin formasının daha dolğun xarakteristikasıdır. İstənilən obyekti nəzərdən keçirmək üçün onun frontal (qabaqdan, yaxud arxadan görünüşü) və profil (yandan görünüşü) siluetləri müqayisə edilir. Geyimin bütün inkişafı mərhələsində siluetin çoxlu sayda variantları yaranmışdır, lakin onları bir neçə əsas növlərə ayırmaq olar.
Düz siluet - Siluetlər içərisində geniş yayılmış növlərdən biridir. Həndəsi görünüşünə görə şaquli və üfüqi ölçülərin nisbətindən asılı olaraq düzbucaqlıya, yaxud kvadrata yaxındır. Düz siluetli geyim bütün fiqur tiplərinə gözəl yaraşır, çünki o, onların mümkün qüsurlarını yaxşı örtə bilir. Belə geyimdə bel xətti vurğulanmır və ölçülər fiqurun bütün hissələrində eynidir. Düz siluetli geyim sərt, dəqiq ifadə edilmiş kontura, həm də yumşaq (girdələşmiş) formaya malik ola bilər ki, bu da kostyumun hazırlandığı materialların xüsusiyyətləri ilə müəyyən edilir.
Trapez siluet - Bu, ətəyi enliləşdirilmiş geyim üçün xasdır. Həndəsi görünüşə görə bu siluetin yuxarı oturacağı çiyin xətlərinə, aşağı oturacağı isə siluetin aşağı xətləri olan trapesiyaya uyğundur. Bu siluet formasında da bel xətti vurğulanmır. Trapez siluetli geyim bir qədər aşağıya doğru enli olduğu üçün fiquru daha baxımlı edir. Belə formalar bədəncə dolu, boyu hündür olmayan insanlara tövsiyə edilir. Trapez siluetinə "A - siluet" də deyilir.
Yarıyapışan siluet - Bu, insan fiqurunun təbii proporsiyalarına yaxın formadır. Yarıyapışan geyim bədənin formasını təkrarlayır, lakin kifayət qədər həcmli olduğundan bədəndə tarım oturmur. Burada bel xətti dəqiq ifadə olunur. Belə siluet forması müxtəlif fiqurlu bədən quruluşuna malik adamlara tövsiyə olunur. Yarıyapışan siluet üst geyimi üçün xüsusilə xarakterikdir.
Yapışan siluet - Bu, bədəncə qamətli adamlara gözəl yaraşır, onların fiqurlarını layiqincə gözə çarpdırır. Yapışan siluet anlayışı altında "siluet - X" və "qum saatı" adlandırılan iki forma nəzərdə tutulur. Hər iki müxtəlif forma ümumi cəhətlərə malikdir: bədənin sıx örtülən hissəsini (qadın paltarının döş hissəsini örtən), belin incəliyini vurğulayan kəmərin olması, yaxud belin nəzəri cəlb edən formasının önə çıxması. Qeyd edilən siluetlər həndəsi görünüşünə görə bir birindən fərqlənirlər.
"Siluet - X” bir-birilə bel xətti üzərilə kiçik oturacaqlarla birləşdirilmiş iki trapesiyanı xatırladır. Belə geyim çiyin nahiyəsinin və ətəyin genişləndirilmiş xətləri ilə incə bel arasında gözə çarpan kontrast yaradır. "Siluet - X" geyimi daha çox hündür qamətli qadınlara yaraşır.