3.3. Dekor aksessuarlarının rənginin düzgün seçilməsini izah edir.
► Müasir geyimlərdə eklektika
Müasir dövrdə bir çox geyimlərdə müxtəlif üslubların qarışığını müşahidə edirik. İncəsənətdə bu hadisə eklektika adlanır.
Müxtəlif üslublar bir-biri ilə rahat və təbii şəkildə birləşərək vahid və harmonik kostyum yaradırlar. Məsələn, klassik üslublu kostyum, romantik və idman üslubları ilə əlaqələndirilir. Sanballı kostyumla geyilmiş romantik bluz nəinki zahiri görünüşü pozmur, əksinə qadının simasına, görkəminə yüngüllük və məlahət verir. Klassik pencəyin cinslə, sviterlə, yaxud mayka ilə birləşdirilməsi bu gün heç kəsi təəccübləndirmir. Belə komplekt işgüzar şərait üçün (əgər bu, rəsmi xarakter daşımırsa) tamamilə uyğundur.
İdman üslubu ilə folklor üslubunun, folklor üslubu ilə romantik üslubun birləşməsi də uğurlu vəhdət yaradır. Üslubların bacarıqla və yerində əlaqələndirilməsi bir tərəfdən qarderob çərçivəsində kostyumların çoxvariantlılığına nail olmağa, digər tərəfdən, müasir geyimin obrazlı səslənməsini gücləndirməyə imkan verir. Belə halda kostyumun bütövlüyünün və ahəngdarlığının saxlanmasının başlıca şərti - zövqə və ölçü hissinə riayət olunmasıdır.
Son vaxtlar geyimdə eklektik dəb meylə çevrilmişdir. Bir kostyumda ənənəvi olaraq birləşdirilməsi mümkün olmayanı birləşdirmək müasir dizaynerlərin üsuluna çevrilmişdir, onlar bunda yenilik axtarışının qeyri-məhdud imkanlarını görürlər (Şəkil 3.23).