► Ətəyin hazırlanmasında materialların rolu
Ətəklərin estetik xassələrinin formalaşmasına təsir edən ən mühüm amillərdən biri də sərf edilən materialların xassələri və növüdür. Yeni modellərin işlənib hazırlanması zamanı modelyerlərin işinin müvəffəqiyyətli həlli üçün onlar materialların çeşidi və xassələri haqqında geniş biliklərə malik olmalıdır.
Qeyd etmək lazımdır ki, material geyimlərin forma strukturunun vacib elementi olmaqla, həm də formanın özünü müəyyən edir. Modelyerlər materialın plastikliyinə əsaslanaraq hələ işin başlanğıcında gələcək məmulatın əsas cizgilərini və kompozisiyasını aşkar edirlər. Müəyyən həndəsi görünüşə malik formanın yaradılması zamanı bütün rəngarəng material çoxluğundan eləsi seçilir ki, onun plastik xassələri formanın müəyyən konstruktiv həllində onun lazımi davamlılığını təmin edə bilsin.
Ətəklərin hazırlanmasında istifadə olunan bütün materialları məqsədli təyinatına görə qruplara bölürlər; əsas materiallar, astarlıq materiallar, hissələrin bərkidilməsi üçün olan materiallar, furniturlar, bəzək materialları.
► Əsas materiallar
Bu qrupa geyimlərin bütün üz və astar hissələrinin hazırlandığı materiallar daxildir: parçalar, trikotaj palotnosu, toxunmamış materiallar, kompleks materiallar və s.
Ətəklərin hazırlanması üçün istifadə olunan parça materialları ətəyin modelinə, təyinatına, istifadə mövsümünə, həmçinin istehlakçıların yaş xüsusiyyətinə əsasən seçilir. Bu zaman həm də materialın qalınlıq, yumşaqlıq, elastiklik, yığılma xassələri, müxtəlif növ qatlar yaratma qabiliyyəti, drapirlənmə xüsusiyyəti və s. nəzərə alınmalıdır.
Parçaların rənginə görə düzgün seçilməsi, həmçinin məmulatda rənglərin kombinasiyasının müvəffəqiyyətli həlli geyimlərin xarici görünüşünə və o cümlədən estetik xassələrinə mühüm təsir edir. Parçaların seçilməsi zamanı müxtəlif materialların (məsələn, üz, astar, bəzək və s.) rənginə görə uyğunlaşması, parçada naxışların yerləşməsi və s. nəzərə alınmalıdır ki, bunlar da öz növbəsində məmulatın konstruksiyasına uyğun olmalıdır.
Ətəklərin hazırlanmasında təyinatından asılı olaraq, pambıq, kətan, yun, ipək və s. parçaların geniş çeşidindən istifadə edilir.
► Pambıq parçalar
Pambıq parçadan geniş çeşidli tikiş məmulatının hazırlanmasında istifadə olunur. Bu parça (Şəkil 1.27), əsasən, klassik, həmcins olmaqla pambıqdan hazırlanır.