|
TƏLİM NƏTİCƏSİ 3Geyimdə son tamamlama işlərini bilir və onları yerinə yetirməyi bacarır. |
3.1. İsti-nəmləşdirmə əməliyyatının (İNƏ) növlərini və təyinatını sadalayır.
► İsti-nəmləşdirmə əməliyyatının növləri
İsti-nəmləşdirmə əməliyyatı məmulata istənilən forma vermək, onun görünüş və keyfiyyətini yaxşılaşdırmaq üçün yerinə yetirilir. İsti-nəmləşdirmə əməliyyatında materiallarda liflərin molekulyar birləşmələri zəifləyir, ütü və ya press vasitəsilə istənilən formanın alınması asanlaşır, parça soyuduqda isə molekulyar birləşmələr əvvəlki vəziyyətinə düşür və alınmış forma sabitləşir.
İsti-nəmləşdirmə əməliyyatında materialı nəmlətmək, isitmək və forma almaq üçün deformasiya etmək, sonradan qurutmaq (nəmliyi yox etmək) lazımdır. Demək isti- nəmləşdirmədə əsas vasitə materialın nəmlənməsi, isitmə temperaturu, təzyiq, işlənmə müddəti və nəmin materialdan sorulmasıdır.
Bu göstərilən vasitələrin düzgün və səmərəli seçilməsi prosesin keyfiyyətli alınmasına təminat verir. Müxtəlif tərkibli liflərdən ibarət olan materialların isti-nəmləşdirmə rejimi də müxtəlif olur.
Tikiş sənayesində isti-nəmləşdirmə prosesi, əsasən, üç yerə bölünür: ütüləmə, presləmə və pardaqlama.
Ütüləmə - isti-nəmləşdirmə əməliyyatında ütüləyən səthin yarımfabrikat üzərində müəyyən təzyiqlə hərəkət etməsi nəticəsində alınır. Bu iş, əsasən, ütü ilə icra edildiyi üçün ütüləmə adlanır.
Presləmə - isti-nəmləşdirmə əməliyyatında iki və daha çox yastığın təsirindən yarımfabrikatlarda deformasiya alınmasıdır. Bu məqsədlə 14700 Pa təzyiqə qədər materiala təsir edilir. Bu proses kütləvi tikiş istehsalında geniş istifadə olunur.
Pardaqlama - parça üzərindəki parıltını, habelə ütüləmə və presləmə nəticəsində yaranmış gərginliyi yox etmək üçündür. Bu iş buxar şırnağı ilə lazım olan sahəyə vurmaqla xüsusi buxar qurğusu olan hava-buxar manekenində yerinə yetirilir.
Ütüləmə ütü və mexanikləşdirilmiş ütü ilə stolun üzərində əl ilə icra edilir. Bunun əsas nöqsanı məhsuldarlığın az olması və ütüləmə rejiminin səmərəli istifadə edilməsinə nəzarət edilməsinin mümkünsüzlüyüdür. Preslənmədə yarımfabrikat nəmləndirilir, yastıqlar vasitəsilə müəyyən təzyiq yaradılır, nəm sorulur. Lazımi parametri əldə etmək üçün presləməyə 60 saniyəyə qədər vaxt sərf edilir. Yarımfabrikatları və məmulatı presləmək üçün müxtəlif konstruksiyalı preslərdən istifadə edilir.